Premyer Liqada komanda sayını necə artırmaq olar? YAZI
- 15 May 2020 12:00
- 1205
Məlum səbəblərdən mart ayının ortasından etibarən Azərbaycan futbolunda da həyat dayanıb. Azarkeşlər 2 aydır ki, Premyer Liqanın oyunlarına həsrətdir. Yarımçıq dayandırılan çempionatın bərpası da şübhəlidir. Çünki dövlət aprelin 27-dən etibarən karaqntin rejimini yumşaltmağa başlasa da futbol, ümumiyyətlə, idman hələ ki, ofsaytdadır. Futbolun heç f hərfini də dilə gətirən yoxdur. Nəzərə alaq ki, artıq may ayının 15-dir və hər ötən gün çempionatın bərpasına olan ümidləri azaldır. Yazının mövzusu bu deyil. Mən diqqətləri daha çox elitada komanda sayının artırılmasına çəkmək istəyirəm. Çünki bu məsələ də zaman-zaman müzakirə olunur.
Az qala hər il komanda sayının artırılacağı ilə bağlı fikirlər ortaya atılır, müzakirələr gedir, amma yekunda heç nə dəyişmir. Daha doğrusu, məlum olur ki, AFFA-nın qoyduğu lisenziyalaşdırma şərtlərinə heç kim əməl etməyib. Federasiyadan maliyyələşən klubun elə federasiyanın qoyduğu şərtlərə əməl edə bilməməsinin özü belə, gülməli görünür və ayrı bir mövzudur. Fakt odur ki, neçə ildir ki, Premyer Liqada komanda sayı 8-dən yuxarı qalxmır. Son zamanlar yenə ənənəvi müzakirələrin, iddiaların şahidi olmaqdayıq: AFFA komanda sayının artırır, “ Kəpəz” və “Turan Tovuz”u Premyer Liqaya gətirir. Şəxsən mən hazırkı şərtlər altında bu iddiaların gerçəkləşəcəyinə inanmıram. Çünki mövcud durum və bu durumdan doğan məntiq bunu deməyə əsas verir. Hər kəs gözəl bilir ki, elitada “Qarabağ” və “Qəbələ”ni çıxmaq şərti ilə qalan 6 komanda bu və ya digər şəkildə AFFA-dan maliyyələşir və federasiyadan asılıdır. I Divizion isə 100 faiz AFFA-dan maliyyələşir və idarə olunur. Bir sözlə, “Qarabağ” və “Qəbələ”ni çıxmaq şərti ilə, Premyer Liqa və I Divizion tamamilə AFFA-dan maliyyələşir və idarə olunur. AFFA isə həmin maliyyəni SOCAR-dan alır. Son zamanlar həm koronavirius, həm də digər obyektiv və subyektiv səbəblərdən neftin qiymətinin kəskin ucuzlaşmasından da xəbərdarsınız. Yəni onsuz da yaxşı olmayan vəziyyət daha da pisləşib, kifayət qədər yüklənən federasiya bir növü divara dirənib. Onu da nəzərə alaq ki, futbol Azərbaycanda prioritet olmayan, azarkeş kütləsi kasad olan, gəlir gətirməyən və dövlət üçün yük, əlavə xərc olan bir sahədir. Üstəlik, SOCAR-ın özünün kifayət qədər xarici borcu var və həmin borc əslində 2020-ci ildə bağlanmalı idi. Belə vəziyyətdə, xərclərin xirtdəyəcən olduğu bir vaxtda əlavə iki klub üçün büdcə ayırmaq AFFA-nı çökdürə bilər. Çünki əgər iki komandanıl elitaya gətirsən hər birinə ən azı 1.5 milyon manat büdcə ayırmalısan. Qeyd etdiyimiz kimi, mövcud durumda bu vəsaitin ayırılacağı inandırıcı görünmür.
Digər bir variant isə bu klubların iş adamlarına, futbola yatırım etmək istəyən şəxslərə verilməsidir ki, bunu da AFFA istəmir. Çünki futbolu öz monopolyasına alan federasiya kənar şəxslərin, müstəqil, AFFA-ya, SOCAR-a bağlılığı olmayan iş adamlarının futbola yaxın gəlməsinə imkan vermir. Zaman-zaman “Zaqatala”nı, “Turan Tovuz”u, “Kəpəz”i himayəsinə götürmək istəyən iş adamları olsa da federasiya min bir bəhanə ilə buna imkan verməmişdi. Həmin şəxslərin qarşısına şərt qoyulurdu ki, onlar kluba maliyyə burxasalar da idarəçilikdə AFFA-nın da sözünə qulaq asmalı, federasiya rəhbərliyi ilə məsləhətləşməli, klubda müşahidə şurası yaratmaqla orada AFFA-nın adamına yüksək status verilməlidir. Təbii ki, özünə hörmət eliyən heç bir iş adamı belə şərtlər altında komanda götürməz. Belə olan halda tək bir variant qalır ki, onu da indi yazacam.
AFFA Premyer Liqada klub sayını artırmaq istəyirsə, maliyyə məsələlərini yenidən müzakirə etməli, bölgünü yenidən hesablamalı və ən əsası klubların büdcələrini azaltmalıdır. Yalnız bu halda komanda sayını 10-a, hətta 12-ə yüksəltmək olar. Məsələn, bu gün “Neftçi”nin 14 milyon, “Keşılə”nin 6, “Səbail”in isə 5 milyon manata yaxın büdcəsi var. Bu klublara ayırılan büdcəni azaltmaq mümkündür. deyək ki, “Neftçi”nin büdcəsini 10 milyon edirsən, “Keşlə” üçün 6 milyonluq büdcə onsuz da ədalətsizlik idi və bu vəsaiti də yarıya endirirsən. “Səbail”in də büdcəsini 1.5 milyona qədər endirmək lazımdır. Onsuz “Sumqayıt” illərdi 1-1.5 milyon manatla əksər komandalardan daha baxımlı futbol ortaya qoyur. Bundan başqa, milli komandanın da xərclərini azaldırsan. Hansısa əcnəbi məşqçinin gətirib ona ilinə 1-2 milyon avro vermirsən, Lippert, Obradoviç, Ştuxlik kimi heç nəyə yaramayan və əvəzində milyonlar qazanan “mütəxəssisləri” də göndərib büdcəyə xeyli qənaət edirsən. Həmin o “Neftçi”dən, “Keşlə”dən, “Səbail”dən, Yurçeviçlərdən, Lippertlərdən, Obradoviçlərdən, Ştuxliklərdən edilən qənaətləri yönəldirsən Premyer Liqada komanda sayının artırılmasına. Çünki yuxarıda sadaladıqlarımız icra olunsa AFFA-nın əlində 10 milyona yaxın bir vəsait cəmləşmiş olacaq. Həmin 10 milyonun 8-ni 4 klub arasında tən yarıdan bölməklə onların elitaya gəlişini təmin etmək olar. Deyək ki, 2 milyon “Turan Tovuz”a verirsən, 2 milyon “Kəpəz”ə verirsən, 2 milyon “Zaqatala”ya, 2 milyon da deyək ki, “Energetik”ə. Düzdür, bunlar olarsa, o zaman futbolçuların qazancı azalacaq. Olsun. Onsuz da bizim futbolçular layiq olduqlarından qat-qat artıq pullar qazanıblar və qazanmağa davam edirlər. Elə həmin pullara görə də oturublar Azərbaycanda və qırağa çıxmırlar. Evinin içində ilinə 150-200-250 min pul qazanan hansı futbolçu özünə əziyyət verib legioner həyatı haqda düşünər? Bu gün müəllimin, həkimin ayda 150-200 manat maaş alıdğı ölkədə futbolçunun 10-15, bəzən 20 min manat maaş alması hansı məntiqə sığır? Yenə oynadıqları futbol ola, adamı yandırmaz. Almasınlar 150-200 min, alsınlar 50-60 min. Aylıq maaşları 10 min, 15 min manat olmasın, 5 min manat olsun. Bu gün Azərbaycanda 2-3 min aylıq maaşa yaxşı yaşamaq mümkündürsə, 5 min manat maaşa lap əla yaşayarsan. Sürmə 100 minlik maşın, sür 20 minlik maşın. Villada yaşama, 3 otaqlı bina evində yaşa. “Peraşki dövrü”dən ki, qat-qat yaxşıdı. Halbuki indikilər o dövrün futbolçularının oynadığının heç yarısını oynamırlar. Daha çox qazanmaq, avropalı futbolçular kimi yaşamaq istəyirsənsə, o zaman zəhmət çək, öz üzərində daha çox işlə, xaricə çıx, legioner həyatı yaşa və avropalı futbolçular kimi lüks həyat sür. Komanda sayını artırmaq istəyiriksə, başqa yolumuz yoxdur. Daha doğrusu, AFFA-nın başqa yolu yoxdur.
Anar XANLAROV