Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə 12-15 noyabr aralığında 1207 nəfərdən koronavirus testi götürüldüyü, 16 nəfərdə yoluxma faktı qeydə alındığı diqqətə çatdırılıb. Ondan əvvəlki həftədə isə 1646 nəfərdən götürülmüş COVİD-19 testindən 10-u pozitiv nəticə vermişdi.

Bununla da 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 78-ə çatıb.

Koronavirusa yeni yoluxanların kimliyi və hansı kluba məxsus olmaları açıqlanmır. Onlar qaydalara uyğun 10 gün karantində qalacaqlar.