İndiyədək Azərbaycanın 62 stadionunda Premyer Liqanın (əvvəl Güclülər dəstəsi və ya Yüksək Liqa) oyunları keçirilib.

Rekord.az PFL-ə istinadən xəbər verir ki, nəticəsi ləğv olunan, yarımçıq qalan qarşılaşmalar nəzərə alınmamaqla bu arenalarda 4874 matç baş tutub. Bunun 1/10-dən çoxu ölkənin ən köklü idman qurğusu olan Tofiq Bəhramov adına Respublika Stadionunun payına düşür. Bu da səbəbsiz deyil. Azərbaycan çempionatlarının 28 illik tarixində müxtəlif komandalar ev oyunlarını burada keçirib. Paytaxtdakı stadionda 491 çempionat matçı baş tutub.

“Şəfa”, “İnter Arena” adlarını da daşımış “ASK Arena” da 400-dən çox oyuna ev sahibi olub. Bakıdan kənardakı stadionlar arasında rekord Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna məxsusdur. Ən çox oyunun keçirildiyi 10 stadionun yarısı paytaxtda, yarısı kənardakı idman qurğusudur.

Ən çox çempionat oyunu qəbul edən 10 stadion

Tofiq Bəhramov adına Respublika Stadionu – 491
“ASK Arena” – 417
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu – 278
Gəncə şəhər stadionu – 265
Tovuz şəhər stadionu – 245
Qəbələ şəhər stadionu – 194
Lənkəran şəhər stadionu – 192
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu – 166
Ordu stadionu – 141
ADBTİA stadionu – 130