Prezident İlham Əliyevdən Olimpiya çempionları ilə bağlı Fərman
- 24 İyl 2024 18:40
- 218
İyulun 24-də Prezident İlham Əliyev olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında Fərman imzalayıb.
Rekord.az xəbər verir ki, fərmanda paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdünün təsis olunması və onun aylıq məbləğinin minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilməsi qeyd olunub.
Təsis edilən təqaüdün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən edilib.
Fərmana əsasən, olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği isə minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilib.
Həmçinin “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594 (Cild I) 1-ci hissəsində “1300 (min üç yüz) manat məbləğində” sözləri “minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında” sözləri ilə əvəz edilməsi qeyd olunub.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.