“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
- 23 Apr 2024 16:16
- 275
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə, 30-a qədər komanda mübarizə aparacaq.
Rekord.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku 2024” beynəlxalq reqatası aprelin 30-dan mayın 3-dək keçiriləcək.
4 gün davam edəcək marafona 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar qatılacaq.
Reqatanın rəsmi paradı aprelin 30-da, saat 12:00-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində başlayacaq. Açılış mərasimi və ilk yarışlar isə mayın 1-də Suqovuşanda baş tutacaq. Suqovuşan su anbarında 200 və 500 metr məsafədə kayak-kanoe yarışları olacaq. Reqata mayın 2-3-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.
Mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Tədbirdə əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı, son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.