Akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2025" beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı və təqdimatı keçirilib.


Rekord.az xəbər verir ki, tədbir Mingəçevirdə gerçəkləşib.


Parada Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan olan avarçəkənlər qatılıblar.


Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, turnirdə iştirak edən xarici federasiyaların rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.


Aprelin 30-da Qarabağın dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələr üzrə mübarizə aparacaqlar.a