"Problemlər var və Azərbaycan futbolunda nəyisə dəyişmək lazımdı" MÜSAHİBƏ
- 04 Sen 2021 14:20
- 511
Azərbaycan milli komandasının sabiq futbolçusu Vyaçeslav Lıçkin sportal.az saytına müsahibə verib. Vaxtilə milli komandamızın aparıcı simalarından olmuş, millimizdə 50-ə yaxın oyun keçirən veteran futbolçu Bakıda dünyaya göz açsa da, hazırda Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. "Zenit” akademiyasında çalışan veteran futbolçumuz saytımıza müsahibəsində həm özü haqda, həm də millimizin çıxışı haqda danışıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Rusiyadakı işləriniz necə gedir?
- Sankt-Peterburq şəhərində yaşayıram. İşim də elə buradadı. Uşaqlara futbol məşqləri keçirəm. Hazırda “Zenit” futbol akademiyasının Vasiliostrovski rayon filialının böyük məşqçisiyəm. Bir də “Neva” komandasında məşqçi kimi çalışıram. Yəni bütün işim-gücüm futboldu.
- Akademiyanızda azərbaycanlı uşaqlar var? Varsa, onlardan gözləntiləriniz böyükdü, yəni gələcək vəd edirlər?
- Hərdən-bir Azərbaycanla bağlılığı olan uşaqlarla qarşılaşıram. Digər uşaqlardan gözləntilərimiz necədirsə, onlardan da gözləntimiz elədi. Çünki bütün uşaqlara eyni yanaşırıq, heç birinə fərq qoymuruq.
- Vaxtilə Azərbaycan millisinin aparıcı üzvlərindən biri olmusunuz. Hazırki millinin çıxışını izləyirsiz?
- Əlbəttə ki, oyunları izləyirəm. Amma düzünü deyim, Lüksemburqla matça ilk dəqiqədən tam olaraq baxa bilmədim. Amma müəyyən hissəsinə baxdım, sonradan epizodları izlədim və nəticədən də təbii ki, xəbərdaram.
- Milli komandamızın Lüksemburqa 1:2 hesabı ilə məğlub olması sizin üçün gözlənilməz olmadı?
- Düzü, artıq nə deyəcəyimi bilmirəm. Futbolçularımız üçün bəhanə axtarmaqdan artıq yorulmuşam. Nəticəyə görə çox məyus olmuşam.
- Bir neçə il əvvəl Azərbaycan millisi Lüksemburqa 3 xal gözü ilə baxırdı. Amma millimiz artıq onlarla da bacarmır və uduzur. Sizcə, geridə qalan illərdə nə dəyişdi?
- İnanın mənə, öz-özümə bu sualı verirəm və heç bir cavab tapa bilmirəm. Amma dəqiq olan budur ki, problemlər var və Azərbaycan futbolunda nəyisə dəyişmək lazımdı. Bəs, nəyi? Ola bilsin ki, uşaq futboluna daha çox fikir vermək, diqqət ayırmaq lazımdı. Bəlkə 13-17 yaşlı futbolçuların hazırlıq sistmeini dəyişməliyik.
- Hər halda Canni De Byazini böyük ümidlərlə milli komandanın baş məşqçi postuna təyin etdilər. Demək olar ki, italiyalı da milliyə kömək edə bilmədi?
- Əslində De Byazi haqda nəticə çıxarmaq, qəti fikir söyləmək tezdi. Komandasını qurması üçün vaxt lazımdı. Bəla odur ki, bunun üçün bizim vaxtımız da yoxdu. Biz elə indi nəticə görmək istəyirik. Təəssüf ki, bu cür də olmur axı. Futbolda zaman çox önəmlidi.
- Sabah millimiz İrlandiya yığması önünə çıxacaq. Lüksemburqla matçda nəticə qazanan bilməyən yığmamız irlandlarla görüşdə xal qazana bilər?
- Niyə də olmasın? Lazımdı. Komandamıza inanmalıyıq, uşaqlara daima dəstək olmaq lazımdı. Ancaq ki, bu cür nəticə qazanmaq olar.
- Sentyabrın 7-də isə rəqibimiz Portuqaliyadı. İrlandiya və Portuqaliya matçlarında da alınacaq məğlubiyyətdən sonra tsikli xalsız başa vurmaq təhlükəsi böyüyəcək?
- Bu qədər çox uzağa getmək, indidən belə fikirləşmək istəmirəm. Hər şeydən əvvəl İrlandiya oyununa konsentrasiya olmaq lazımdı. Müsbət nəticə üçün uşaqlar hər şeyi etməlidi. Əminəm ki, məşqçilər və futbolçular ötən oyunlardan dərs alıb, müəyyən nəticə çıxaracaq.
- Rusiyada yaşadığınız və oranın futboluna daha yaxşı bələd olduğunuz üçün bu sualı verirəm. Rusiya Premyer Liqasında oynayan əslən Azərbaycandan olan uşaqlar var ki, hələ millimizdə oynamaq istəmir. Azərbaycan millisində oynayacaqları təqdirdə, klublarında legioner hesab ediləcəklər. Bəlkə onlar özlərinə güvənmir?
- Hər şey ola bilər. Amma bu suala ən yaxşı, elə onların özü cavab verə bilər.
- “Zenit” yetirməsi olan Ramil Şeydayev hazırda “Qarabağ”da çıxış edir və qol vura bilmədiyinə görə tez-tez tənqid edilir. Necə düşünürsüz, “Zenit”də qalası olsaydı, indi Rusiya millisində oynayıb daha üst səviyyədə futbol oynayardı?
- Hər kəs gedəcəyi yolu özü seçir. Məncə, Ramil vaxtilə “Zenit”i tərk etməklə doğru etdi. Çünki onun üçün əsas komandada möhkəmlənmək çətin olacaqdı. Ramilə isə daimi oyun praktikası gərək idi. İstdəyimiz kimi alınır, alınmır bu başqa sualdı. İndi də sadəcə qalır, işləmək və işləmək, başqa cür mümkün deyil. Çox istəyirəm ki, Ramilin Azərbaycandakı işləri çox yaxşı alınsın