PSJ-nin prezidentinə qarşı rüşvət ittihamı
- 21 Fev 2020 11:21
- 635
Fransanın PSJ klubunun və “BeIN Sports” idman kanallarının sahibi Nasser Əl-Xəlaifi futbol üzrə dünya çempionatı və Konfederasiyalar Kubokunun yayım hüquqlarının satışında saxtakarlığa yol verməkdə ittiham olunur.
Rekord.az xəbər verir ki, bu barədə İsveçrə Baş Prokurorluğunun rəsmi saytında məlumat yerləşdirilib.
Bu məsələdə qətərli iş adamı ilə yanaşı, FIFA-nın keçmiş baş katibi Jerom Valkenin də əlinin olduğu iddia edilir. O, rüşvət almaqda və sənədləri saxtalaşdırmaqda şübhəli bilinir.
İsveçrə Baş Prokurorluğu hesab edir ki, Valke 2013-2015-ci illərdə FIFA-dakı vəzifəsindən sui-istifadə edərək İtaliya və Yunanıstandakı beynəlxalq turnirləri yayımlamaq hüququnu əvvəlcədən müəyyənləşdirilmiş şirkətlərin əldə etməsinə köməklik göstərib. Söhbət 2018-2030-cu illərdə keçirilməsi nəzərdə tutulan dünya çempionatı və Konfederasiyalar Kubokundan gedir. Keçmiş baş katibin bunun müqabilində 1,25 milyon avro rüşvət aldığı iddia olunur.
Prokurorluğun bildirdiyinə görə, Nasser Əl-Xəlaifi teleyayım hüquqlarına yiyələnmək üçün Valkeyə Sardiniyada villa da hədiyyə edib.