PSJ heyətini yeni futbolçu ilə gücləndirib. Rekord.az xəbər verir ki, Paris təmsilçisi Portuqaliya yığmasının və Lissabon “Sportinq”inin müdafiəçisi Nuno Mendesi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı sol cinah müdafiəçisi satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürülüb. Parislilər gənc futbolçunun transfer hüquqlarını da almaq istəsə, buna görə “Sportinq”ə 40 milyon avro ödəyəcəklər.

Nuno Mendes “Sportinq”in öz yetirməsidir. O, bu klubun əsas komandasında 47 oyuna çıxıb, 1 qol vurub. Müdafiəçi artıq Portuqaliyanın əsas yığmasında da 6 oyun keçirib.

PSJ öz futbolçusu Pablo Sarabiyanı isə “Sportinq”ə icarəyə verib. İspaniya yığmasına da dəvət alan 29 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər Portuqaliya klubunun formasını geyinəcək. Madrid “Real”ının yetirməsi olan Sarabiya, 2019-cu ildən çıxış etdiyi Paris təmsilçisində 79 matça çıxıb, 22 qol vurub. O, “Xetafe” və “Sevilya”da da çıxış edib.

PSJ-nin daha bir futbolçusu – Arno Kalimuendo da “Lans”a icarəyə verilib. Paris klubu ilə müqaviləsi 2024-cü ilə qədər olan 19 yaşlı futbolçu, 2022-ci ilin yayına qədər “Lans”da çıxış edəcək. Klubun öz yetirməsi olan Kalimuendo, ötən mövsümdə də “Lans”da icarədə oynayıb. O, bu komandanın heyətində meydana çıxdığı 30 oyunda 8 qol vurub.