“Beşiktaş” İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Miralem Pyaniçin transferini tamamlayıb.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 31 yaşlı futbolçunun bir illik icarəyə götürüldüyü diqqətə çatdırılıb. “Qara qartallar” bu keçidə görə “Barselona”ya heç bir ödəniş etməyib. Əvəzində futbolçunun özünə bir il üçün 2 milyon 750 min avro ödəniləcək.

Bosniya və Herseqovina yığmasının da üzvü olan Miralem Pyaniç, millidə 100-dən çox oyun keçirib, 16 qol vurub. O, ötən il “Yuventus”dan “Barselona”ya transfer olunmuşdu. Təcrübəli yarımmüdafiəçi daha öncə “Roma”, “Olimpik” (Lion) və “Mets” klublarında da forma geyinib.

Yeri gəlmişkən, “Beşiktaş” yarımmüdafiəçisi Adem Lyayiçlə yollarını ayırıb. İstanbul təmsilçisi serbiyalı yarımmüdafiəçi ilə müqaviləyə xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Lyayiç “Beşiktaş”a 2018-ci ildə “Torino”dan icarə əsasında gəlmişdi. İstanbul klubu 2019-cu ildə 6.5 milyon avro ödəyərək serbiyalı oyunçunu birdəfəlik transfer etmişdi. Klubla daha bir il müqaviləsi qalan yarımmüdafiəçinin illik məvacibi 3.2 milyon avro idi.