Qadın güləşçilərimiz Qazaxıstanın Almatı şəhərində keçirilən Bolat Turlıxanov Kubokunda iştirak edib.

Rekord.az xəbər verir ki, reytinq turnirində ölkəmizi 6 qadın güləşçi təmsil edib.

50 kq-da iki təmsilçimiz 1/4 finaldan mübarizəyə qoşulub. Şəhanə Nəzərova qazaxıstanlı Aygül Nuralimə, Türkan Nəsirova isə monqolustanlı Namuuntsetseq Tsoq-Oçirə məğlub olub. Türkanın rəqibi finala yüksəldiyi üçün güləşçimiz bürünc medal görüşünə çıxıb. Aygül Nuralimə minimal fərqlə (4:3) qalib gələn Nəsirova yarışı 3-cü pillədə başa vurub.

53 kq-da Tatyana Varansova ilk mərhələdə özbəkistanlı Aktenqe Keunimjaevaya uduzub. Bu çəkidəki digər təmsilçimiz Leyla Qurbanova hindistanlı Puca Gehlota 7:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında monqolustanlı Bolortuya Bat Oçirlə bacarmayıb. Həmyerlimiz qazaxıstanlı Aişə Ualişanı “tuşe” ilə üstələyərək bürünc medalı boynundan asıb.

Jalə Əliyeva (59 kq) əvvəlcə A qrupunda mübarizə aparıb. Jalə Tsoqzolmaa Dorjsuren (Monqolustan), Ayşən İsmagülova (Qazaxıstan) və Difuzə Aimbetova (Özbəkistan) üzərində qazandığı qələbələrlə qrup qalibi kimi yarımfinala yüksəlib. Qazaxıstanlı Diana Kayumovaya 8:6 hesabıyla qalib gələn Əliyeva finala vəsiqə qazanıb. Həlledici görüşdə hindistanlı Sarita Saritaya uduzan Jalə gümüş medal qazanıb.

Elis Manolova (65 kq) qrup mərhələsində Manişa Manişa (Hindistan), Dinora Rüstəmova (Özbəkistan) və Yelena Şaliginadan (Qazaxıstan) güclü olub. Yarımfinalda Qazaxıstanın digər təmsilçisi Qauxar Mukatayı 9:1 hesabıyla məyus edən millimizin üzvü finalda yenidən Manişa Manişayla qarşılaşıb. Bu dəfə hindistanlı güləşçi revanş alıb. Belədə Elis də komandamızın hesabına gümüş medal yazıb.

Beləliklə, millimiz reytinq turnirində 2 gümüş və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız daha nüfuzlu yarış olan Matteo Pellicone turnirində iştirak edəcək. İyunun 22-dən 25-dək İtaliyanın paytaxtı Romada keçiriləcək sayca 3-cü reytinq turnirinin nəticələrinə əsasən, sentyabrda Serbiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək heyət müəyyənləşəcək.