“Qalatasaray” səfərdə Danimarka çempionu “Kopenhagen”lə qarşılaşdı və məğlub oldu. Bununla belə yola Avropa Liqasında davam ediləcək. 


Çoxları İstanbul təmsilçisindən belə performans gözləmirdi. Necə olsa da, qrupda Avropanın nəhəng klublarından sayılan “Bavariya” ilə “Mançester Yunayted” yer alırdı. Belə bir qrupda “Qalatasaray” üçün ən böyük uğur elə 3-cü yeri tutmaq və Avropa Liqasında mübarizəni davam etdirmək olardı. Qrupdakı yekun vəziyyətə baxanda “sarı-qırmızlar”ın minimal vəzifənin öhdəsindən gəldiyini demək olar. Okan Burukun çalışdırdığı komanda qrupunda 3-cü yeri tutdu və yoluna Avropa Liqasında yoluna davam edir.


Futbol əyləncəli, həyacanlı, eyni zamanda da bir az ədalətsiz oyundur. “Qalatasaray” “Kopenhagen”lə səfərdəki oyunu qalib bitirsəydi, indi yoluna Avropa Liqasında yox, Çempionlar Liqasında davam edəcəkdi. Belə olan halda “Qalatasaray”ın adına təriflər yazılacaqdı. Məhz buna görə də deyirəm ki, futbol bir qədər ədalətsiz idman növünə çevrilməkdədir. Heç kim gözləmirdi ki, “Mançester Yunayted” qrupda qalar, “qırmızı şeytanlar” üçün avrokubok mövsümü dekabrın ilk yarısında başa çatar. Amma reallıq belədirsə, günahı hər kəs özündə axtarmalıdır.


Qayıdıram “Qalatasaray”ın məsələsinə. Püşkatmadan sonra kim bilərdi ki, bu qrupda “sarı-qırmızlar”ın əsas rəqibinə “Kopenhagen” çevriləcək? “Qarabağ”ın bir vaxtlar gözüyaşlı qoyduğu Danimarka təmsilçisi boyundan yuxarı tullandı, özü də lap yuxarı. O səviyyəyə ki, orda nə “Mançester Yunayted” var, nə də Avropanın qorxulu yuxusu sayılan “Qalatasaray”. “Cim-bom” qrup mərhələsinin ilk turunda doğma meydanda “Kopenhagen”ə qarşı keçirdiyi oyunda qələbə qazana bilməməklə böyük bir fürsəti geri itələmişdi. Həmin oyun bir daha sübut etdi ki, Türkiyə klubları eyforiya ilə oynaya bilmirlər. Çoxları həmin axşam “Qalatasaray”ı favorit sayır, Okan Burukun çalışdırdığı komandanın rahat qələbə qazanacağını düşünürdü. Amma olmadı. Oyunun gedişində 0:2 hesabıyla geri düşən “cim-bom” əzmkarlıq göstərib, məğlubiyyətdən qaçmağı bacarmışdı. Hadisələrin sonrakı gedişatı göstərdi ki, həmin qarşılaşmada itirilən o iki xal “Qalatasaray” üçün necə önəmli imiş. Həm mənəvi, həm də maddi anlamda.
Deyəcəksiniz ki, mən bu mövzuya niyə toxunmuşam, “Qalatasaray”dan nə üçün danışıram?

 

İstanbul təmsilçisinə Azərbaycanda bəslənən səmimi sevgi hər kəsə bəllidir. Bizim xalqın böyük əksəriyyəti “Qalatasaray”a böyük ehtiram bəsləyir, ürəyinin ən dərin və səmimi nöqtəsində ona azarkeşlik edir.

 

“Kopenhagen”lə oyundan əvvəl və sonra sosial şəbəkələr susmadı, bilən də, bilməyən də “Qalatasaray”ın oyununu müzakirə etdi. Sıravi azərbaycanlının ürəyində qısqanclıq alovu qığılcımlanmağa başladı. Amma qısqanmağa dəyməz. Türkiyə təmsilçisi Azərbaycanda sosial şəbəkənin gündəmini dəyişdirməyi, adını müzakirə mövzusuna çevirməyi bacarırsa, bundan müəyyən dərslər çıxarmaq lazımdır.


Deməli, bizim məmləkətdə futbolu sevirlər, onunla dərindən maraqlanırlar. Bu gün Azərbaycanın Avropadakı qüruru “Qarabağ” tarixinin ən vacib oyunlarından birinə çıxır. “Köhlən atlar” İsveç təmsilçisi “Hekken”i doğma meydanda məğlub etməklə futbol tariximizdə yeni bir səhifə açacaq, Avropa Liqasında qrupdan çıxmağı bacarmaqla “pley-off”a vəsiqə qazanacaq. Razılaşaq ki, düz-əməlli futbolu olmayan bir ölkə üçün böyük uğurdur. Bu dəfə gündəmi “Qarabağ” dəyişdirsin, hamını “Qarabağ” danışdırsın. Günlərdən “Qarabağ”dır, əziz dostlar!