"Qarşıdakı müddətdə Qarabağda futbol matçı və ya türk ölkələrinin iştirak edəcəyi yarış keçiriləcək".

Rekord.az xəbər verir ki, bunu Türkiyə "Qalatasaray"ının prezidenti Dursun Özbək SOCAR-la sponsorluq müqaviləsinin imzalanma mərasimində deyib.

Funksioner bildirib ki, Avropada böyük hədəflərə doğru irəlilədikləri yolda Azərbaycanın dünya brendinə çevrilmiş, çox önəmli enerji şirkətinin kluba dəstək olması çox dəyərlidir: "Prosesi yaxından izlədikləri üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Türkiyənin ən böyük brendi "Qalatasaray" ilə SOCAR arasında bu əməkdaşlıq hər iki tərəfə böyük töhfə verəcək".

Özbək bu layihənin uzunmüddətli əməkdaşlığın ilk addımı olacağına inamını ifadə edib: "Hesab edirəm ki, bu mühüm əməkdaşlığın 2023-cü ildə, yəni mərhum Heydər Əliyevin anadan olmasının 100 illiyində gerçəkləşməsi çox dəyərlidir. Proses qardaş klubumuz "Qarabağ"la Bakıda keçirdiyimiz yoldaşlıq görüşü ilə başladı. Yaşadığımız böyük zəlzələ fəlakətinin yaralarını sarmaq üçün dəstəklərini göstərdilər. Sağ olsunlar, var olsunlar. Qarabağ Azərbaycan və Türkiyə üçün çox vacib məsələdir. "Qalatasaray" öz mövqeyini göstərmək üçün məhz "Qarabağ"ı qardaş klub seçib. Anlaşmamız "Qalatasaray"ımız və və türk idmanı üçün xeyirli olsun. Avropadakı uğurlarımızın da daimi olmasını arzulayıram".

İstanbul nəhənginin rəhbəri əzəli rəqibləri “Fənərbağça” ilə superkubok qarşılaşmasının Bakıda keçirilməsini arzuladıqlarını da etiraf edib:

“Türkiyə Superkubokunun Bakıya salınması üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik. Oyunun Bakıda təşkili çox yaxşı olar. “Qalatasaray”a Azərbaycanda olan maraq, sevgi Türkiyədəkindən fərqli deyil. Buna Bakıda olduğumuz zaman şahidlik etdik. Türkiyə Superkuboku Bakıya salınarsa, orada yaşayan insanlar da sevinərlər. Ümid edirəm ki, həmin oyun Bakıda keçirilər. Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək”.

Qeyd edək ki, Türkiyə Superkubokunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır.