Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilmiş xeyriyyə oyunundan sonra tərəflər transfer danışıqları da aparıblar.

Rekord.az xəbər verir ki, bu iddianı türkiyəli jurnalist Burhan Can Terzi irəli sürüb.

O, İstanbul təmsilçisinin Toral Bayramovun durumu haqqında maraqlandığını vurğulayıb: "Qarabağ"ın futbolçusu Toral Bayramov "Qalatasaray"ın gündəmindədir. Klub 22 yaşlı sol cinah müdafiəçisi üçün Azərbaycan təmsilçisinin rəsmiləri ilə danışıb və onun haqqında məlumat toplayıb".

Xatırladaq ki, xeyriyyə oyununda “Qalatasaray” 2:1 hesabıyla qalib gəlib.

2019-cu ildən “Qarabağ”da forma geyinən Toral Bayramovun Ağdam klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var. Müdafiəçi hazırda Azərbaycan millisinin düşərgəsində olduğu üçün İstanbul təmsilçisi ilə matçda iştirak etməyib.