“Qalatasaray”da ciddi itkilər
- 22 İyn 2020 14:20
- 731
Futbol üzrə Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində “Qaziantep”lə üz-üzə gələn “Qalatasaray” bu oyunda xal itirməklə (3:3) yanaşı bir neçə futbolçusunun da xidmətindən məhrum olub.
Rekord.az xəbər verir ki, İstanbul klubunun kolumbiyalı hücumçusu Radamel Falkao zədə alıb. Matçı davam etdirə bilməyən forvard 75-ci dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Onun durumu qarşıdakı günlərdə ətraflı müayinədən sonra bəlli olacaq.
“Qalatasaray” bu oyunda sarı vərəqə alan Mariano, həmçinin 55-ci dəqiqədə meydandan qovulan Ahmet Çalıkın da xidmətindən məhrum olub. Falkaodan fərqli olaraq, bu iki futbolçunun növbəti turda “Başakşəhər”ə qarşı oynamayacağı dəqiqdi.
“Rizəspor”la oyunda aldığı qırmızı vərəqəyə görə 4 oyunluq cəza alan Adem Büyük də “Başakşəhər”lə qarşılaşmada komandasına kömək edə bilməyəcək.