Türkiyənin “Qalatasaray” klubu mərkəz müdafiəçisi Valentin Ozornvaforu icarəyə göndərib.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu Belçikanın “Şarlerua” klubuna icarəyə verilib. Nigeriyalı müdafiəçi 2021/22 mövsümünün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Qalatasaray” Valentin Ozornvaforu 2019-cu ildə Nigeriyanın “Enyimba” klubundan transfer edib. Lakin o, İstanbul təmsilçisində çox forma şansı qazana bilmədiyi üçün, 2019/20 mövsümündə də “Almeriya”ya (İspaniya) icarəyə verilmişdi.

22 yaşlı Ozornvafor həm də Nigeriya yığmasının üzvüdür.

Yeri gəlmişkən, “Qalatasaray” konqolu mərkəz müdafiəçisi Kristian Luyindama ilə də yeni müqavilə bağlayıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Tərəflər 3 illik yeni sözləşmə imzalayıblar. Əvvəlki müqavilənin müddəti gələn yay bitəcəkdi. Yeni müqaviləyə əsasən, 27 yaşlı futbolçunun illik gəliri də artıb. O, bundan sonra ilinə 1.2 milyon avro qazanacaq.

Luyindama 2019-cu ildə Belçikanın “Standard” (Lyej) klubundan 3 milyon avro qarşılığında icarəyə götürülmüşdü. Lakin komanda həmin mövsümü çempion kimi başa vurandan sonra, Belçika klubuna daha 5 milyon avro ödənilərək, futbolçunun transfer hüquqları da alınmışdı. Təcrübəli futbolçu bu komandada 66 matça çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə edib.