Daha bir türkiyəli futbolçu karyerasını Fransada davam etdirəcək. 

Rekord.az xəbər verir ki, “Qalatasaray”ın yarımmüdafiəçisi Mustafa Kapı “Lill” klubu ilə anlaşıb.

Türkiyə mətbuatının yazdığına görə, “Beşiktaş”ın kapitanı Burak Yılmazla 2 illik anlaşma əldə edən “Lill” Mustafanın transferini də həll edib. 17 yaşlı oyunçu Liqa 1 təmsilçisi ilə 5 illik sözləşmə imzalayacaq. Avqustun 8-də 18 yaşı tamam olacaq futbolçunun İstanbul klubu ilə müqaviləsinin müddəti bitdiyi üçün Fransa təmsilçisinə azad agent kimi keçəcək.

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Mustafa Kapı 2018-ci ildən əsas komandaya cəlb olunur. O, ötən mövsüm İstanbul təmsilçisinin “Sivasspor”u 4:2 hesabıyla məğlub etdiyi oyunda forma geyinməklə “Qalatasaray”ın tarixində Super Liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxmışdı.

“Lill”də Zeki Çelik və Yusuf Yazıcı da çıxış edir. Burakla Mustafanın gedişində sonra Fransa klubundakı türk oyunçuların sayı dördə çatacaq.