“Qalib gəlmək üçün çox yaxşı şansımız var”
- 27 Fev 2024 18:15
- 245
“NTD-İndiqo” komandası Azərbaycan Kubokunu qazanmağı hədəfləyir”.
Rekord.az xəbər verir ki, bunu adıçəkilən klubun basketbolçusu Rəşid Abbasov mətbuat xidmətinə açıqlamasında deyib.
O, “Şəki”yə qarşı keçiriləcək kubok matçı öncəsi məqsədlərinin sona qədər irəliləmək olduğunu bildirib: “Düşünürəm ki, kubok matçlarında liqanın yerli oyunçuları arasında maraqlı qarşıdurmanın şahidi olacağıq. “NTD-İndiqo” həmişə olduğu kimi bir məqsəd - kuboku qazanmaq üçün meydançaya çıxacaq. Turnirin ilk oyununda bizi “Şəki” gözləyir. Rəqibin liqa matçları ilə müqayisədə dəyişəcəyini düşünmürəm. Yenə də istənilən rəqibə hörmətlə yanaşırıq”.
Rəşid Abbasov 3 yerli + 2 əcnəbi limitinin onlara təsir edəcəyinə inanmır: “Güclü yerli oyunçularımız var. Əsas basketbolçular Elşad Şirzadov və Əkbər Məmmədovdur. Amma əminəm ki, Murad Babayev, Məhəmməd Hüseynli və Maqsud Hümmətov da kubok görüşlərində özlərini yaxşı göstərəcəklər. "3+2" limiti yerli oyunçuları motivasiya edir. Bu o deməkdir ki, liqa oyunlarından fərqli olaraq daha çox çıxış edəcəyik. Özümüzü təsdiq etməliyik”.
Basketbolçu ölkə kubokunu qazanmaq perspektivlərini də dəyərləndirib: “Hesab edirəm ki, qalib gəlmək üçün çox yaxşı şansımız var. Digər klublardan “Neftçi”, “Sabah” və “Xəzri”ni qeyd edə bilərəm. Bu komandalarda güclü yerli oyunçular var”.
Qeyd edək ki, fevralın 28-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək “NTD-İndiqo” – “Şəki” oyunu saat 16:30-da başlayacaq.