"Yakubu baş məşqçimiz Qurban Qurbanovun sərəncamında görmək istədiyi futbolçu idi. Transferin baş tutmamasının səbəbini detallı şəkildə açıqlamaq məncə, düzgün deyil. Təkcə onu deyim ki, Yakubu tibbi baxışdan keçə bilmədi”.

Rekord.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

“Vitoriya”nın hücumçusu Abdul-Aziz Yakubunun transferinin baş tutmamasının səbəbini izah edən klub rəsmisi futbolçunun keçidi ilə bağlı Portuqaliya təmsilçisinə başqa bir təklif də göndərdiklərini, ancaq bu dəfə qarşı tərəfin razılaşmadığını bildirib:

“Biz belə halı qətiyyən gözləmirdik. Ona görə də "Vitoriya" ilə bu transferlə bağlı razılığa gəlmişdik və futbolçu ilə uzunmüddətli müqavilə bağlamağı nəzərdə tutmuşduq. Bu transfer müqabilində Portuqaliya klubuna müəyyən məbləğ ödəniləcəkdi. Kifayət qədər ciddi rəqəmdən söhbət gedir. Hətta tibbi diaqnoz məlum olandan sonra biz "Vitoriya"ya başqa bir təklif göndərdik. Çünki müayinənin nəticəsində həkimlər bizə dedi ki, bu futbolçunun uzun müddət oynamaq perspektivi yoxdur. Hətta müxtəlif ölkələrin həkimləri ilə bu barədə danışdıq. Hər biri Yakubunun uzun müddət oynamasının riskli olduğunu bildirdi. Buna görə də “Vitoriya”ya başqa bir təklif etdik. Onlar isə bu dəfə bizimlə razılaşmadılar".

G.Abbaszadə başqa transferlərlə bağlı işlərin görüldüyünü də əlavə edib: "Peşəkarlıq meyarlarını əsas götürərək Yakubu ilə müqavilə bağlamaqdan imtina etdik. Ona gələcək karyerasında uğurlar arzulayıb yolda saldıq. Ancaq azarkeşlərimiz narahat olmasınlar. Alternativ variantlar var. Hazırda transfer çalışmalarımız davam edir. Tezliklə yeni transferlərimizin adlarını açıqlamaq ümidi ilə”.