Qara Qarayev: "30 min ver, "Maserati"mi satım"
- 03 Noy 2019 18:00
- 1932
“Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev AutoCity.az-ın "Onun arabası var" rubrikası üçün müsahibə verib.
Rekord.az xəbər verir ki, tanınmış futbolçu maşınlara olan həvəsindən, sürət həddinin aşılmasından söhbət açıb.
- Maşınlara həvəsiniz nə zamandan başlayıb?
- Ailəmizdə qardaşımın şəxsi maşını olsa da, özümün xüsusi marağım olmayıb. Avtomobillərə maraq ilk dəfə futbolçu kimi fəaliyyətimlə əlaqədar başlayıb. İlk maşınımı “Qarabağ” klubu ilə müqavilə bağladıqdan sonra almışam. Səhv etmirəmsə, adı “Lada 014” idi. Onu məşqlərə gediş-gəlişimi rahatlaşdırması üçün sürürdüm. Bu da məşqə uzun yol qət etmək və məşqdən sonra yorğunluqla əlaqədar idi. Nəticədə maşın sürməyi də öyrəndim.
- Bəs sonradan maşınları dəyişməyinizə səbəb nə oldu?
- Vaxt keçdikcə daha komfortlu, daha rahat maşın axtarırsan. Amma mən maşınlarımı çox da tez-tez dəyişməmişəm. Mexaniki sürət ötürücülü avtomobilimi avtomat ötürücülü ilə əvəzləmişəm. Ondan da daha rahat olan avtomobilə keçmişəm.
- İndiyə kimi neçə maşınınız olub?
- Dəqiq yadımda deyil. Məncə, indiyədək 4-5 maşınım olub. Hazırkı maşınımın modeli "Masereti"dir.
- Sifarişlə gətirmisiniz?
- Xeyr. Bakıda bu maşından çoxdur. Artıq bir ilə yaxındır ki, onu sürürəm. İtaliya brendidir, çox komfortlu maşındır.
- Avtomobil alanların bir qismi rahatlığına, bəziləri isə sürətinə önəm verir. Bəs Siz?
- Əslində avtomobildə sürəti sevmirəm. Amma düşünürəm ki, motorun sürəti nə qədər güclü olarsa, sürücü üçün bir o qədər rahat olar. Sürəti hiss etdirməyən maşınların əksəriyyətini təhlükəli hesab edirəm. Çünki maşının içində sürəti hiss etmirsənsə, demək, özün də bilmədən təhlükəyə girmisən. Düşünürəm ki, maşının içində sürətin hiss olunması vacibdir. Ən azından bildiriş siqnalı olmalıdır ki, sürücü təhlükəni əvvəlcədən hiss edə bilsin.
- Ümumiyyətlə, sürət həddinə riayət etməyənlərə münasibətiniz necədir?
- İlk növbədə, asayişi qorumaq lazımdır. Şəhərin mərkəzində sürətli maşın sürməyi məqsədəuyğun saymıram. Özüm kiməsə məsləhət versəm də, bəzən lazım olduğundan sürətlə sürməli oluram. Bacardığım qədər yüksək sürətin qarşısını almağa, insanları şəhəri mərkəzində narahat etməməyə çalışıram. Düşünürəm ki, sürət həddini aşmaq həmin insanların sadəcə olaraq hobbisi, istəkləridir. Nə qədər istəyirlərsə, sürət həddini aşsınlar, sürsünlər. Bir şərtlə ki, nə ətraf mühitə, nə də insanlara ziyan vursunlar.
- İndiyədək qəza hadisəsi ilə üzləşmisiniz?
- Elə də böyük qəzam olmayıb. Xırdaları isə çox olub. Yalnız bir dəfə ciddi qəza baş verib ki, onda maşınım BMW tərəfindən vurulub. O zamankı maşınım KİA idi. Məndə heç bir günah yox idi. Əks yola girib maşınımı vurmuşdu. Aşağı düşdüm ki, avtomobilimin vəziyyətinə baxım. Bu zaman gördüm ki, avtomobilimi vuran sürücü heç nə olmayıbmış kimi sürüb getdi (gülür).
- Bəs indiyədək başınıza gələn ən maraqlı hadisə hansı olub?
- Bir dəfə BMW markalı maşınımda çox qorxmuşdum. Gecə vaxtları idi. Avtomobilimi sürətlə idarə edirdim. Bir anlıq yan şüşədən baxanda obyektlərin, ağacların sürətlə getdiyini hiss elədim. Maşınımın spidometrinə baxdıqda sürətin çox yüksək olduğunu gördüm. Bu an onu dərhal saxladım. O maşınımda sürəti hiss eləmək mümkün deyildi. İndinin özündə də daim sürət həddinə riayət etmədikdə, o hadisəni xatırlayıram.
- Sürətiniz nə qədər idi: 200 km/saat var idi?
- Onu deməyim. Az olardı ki, çox olmazdı.
- Maşına verdiyiniz ən yüksək məbləğ nə qədər olub?
- Maşınlara pul xərcləməkdə o qədər də həvəsli deyiləm. Ən bahalı maşınım hazırda sürdüyüm maşındır. Onu da 30 min dollara almışam.
- 30 min dollara? İnandırıcı görünmür...
- 30 min ver, satım sənəə (gülür). Bundan əvvəlki maşınımı isə 20 min dollara almışdım. Onu satıb üstünü düzəltdim və "Maserati"ni aldım. Maşınlar tez qiymətdən düşdüyü üçün çox pul verən deyiləm.
- Ümumiyyətlə, maşında dəbdəbəyə, modaya önəm verirsinizmi?
- Xeyr, vermirəm. Mənim üçün ən başlıcası şəxsi istəkdir. Elə maşın markaları var ki, onları nə vaxtsa almaq istərdim.
- Tez-tez belə bir fikir səslənir ki, milli komandanın oyunçusu ən yaxşı, ən bahalı maşını sürməlidir. Bu barədə nə düşünürsünüz?
- İslamda minik vasitəsinə ödənilən pul israfçılıq sayılmır. Amma pulu gərək qədərində verəsən. Milli komandanın oyunçusu xüsusi insan deyil ki, ən yaxşı və ən bahalı maşın sürsün. Əslində hər bir idmançı bu cür fikirlərdən bir qədər uzaq durmalıdır. İndiki dönəmdə nəticələr heç də ürəkaçan deyilsə, özünü qorumalı, belə fikirlərdən uzaq olmalısan. Milli komandadan sonra da daha yaxşı maşınlar sürmək olar. O zaman heç kim sənə irad tutmaz. Amma oynadığımız dönəmdə işimizdən əlavə maşınıza fikrimiz getməməlidir. Maşın bizi evdən məşqə, məşqdən evə, bəzi işlərimizlə əlaqədar ünvanlara çatdıracaq minik vasitəsidir.
- Sizcə, ən bahalı maşınlar azərbaycanlı futbolçulardan kimdədir?
- Məncə, elə də pik həddə bahalı maşın sürən futbolçularımız yoxdur. Elələri var ki, illərlə çəkdikləri əziyyətin qarşılığında yaxşı maşın alıb sürürlər. Yeni futbola başlayan uşaqlara tövsiyəm budur ki, maşın düşüncəsi işimizlə bağlı düşüncəmizin arasına girməməlidir. İlk olaraq, xalq üçün oynamalı, bayrağımızı zirvələrə qaldırmağı düşünməliyik. İşimizi layiqincə yerinə yetirdikdən sonra hansı maşını sürmək istəsən, bir söz deməzlər. Amma işimizə mane olacaqsa, gərək sürməyək.
- Bu gün bir çox sürücülər YPX inspektorları ilə münasibətlərdə problem yaşayırlar. Bəs sizin yol polisləri ilə münasibətiniz necədir?
- Sağ olsunlar, vəzifə borclarını layiqincə yerinə yetirirlər. Müasir sistem elə qurulub ki, etdiyimiz nöqsanlar radarlar vasitəsilə birbaşa ünvanımıza gəlir (gülür) Bir futbolçu kimi məni aralarında tanıyanlar da olur. Polislərimizdən futbola dəhşətli dərəcədə marağı olanları çoxdur. Bəzi vaxtlar futboldan suallar da verirlər. Amma hər hansı qayda pozuntusu etdikdə, heç bir güzəşt etmirlər (gülür).
- Qayda pozuntusundan söz düşmüşkən, ən ciddisi hansı olub?
- Əslində elə ciddi qayda pozuntuları etmirəm. Cərimələrim dayanma-durma qaydalarını pozanda, kəmər taxmayanda olur. Çox vaxt məşqlərə tez çatmaq üçün qoşa xətt tələbini pozuram.
- Avtomobil idmanına marağınız necədir?
- "Bu cür yarışlara baxıram" desəm, yalan olar. Çünki elə də çox vaxtım olmur. Özüm daha çox internetdə maşın, döyüş oyunlarına üstünlük verirəm.
- Yeri gəlmişkən, artıq Bakıda 4 ildir ki, “Formula 1” yarışları təşkil olunur. Sizin kimi futbolçuda maraq yaratmayıbsa, Azərbaycan Qran-prisi nə dərəcədə lazımlıdır?
- Ümumiyyətlə, “Formula 1” maşınları ən dinamik sayılırlar. “Formula 1” yüksək səviyyəli dünya çempionatıdır. Amma bu yarışlar mənə o qədər də maraqlı gəlmədiyi üçün baxmıram. Yəni, oradakı adrenalini hiss edə bilmirəm. Bu mənim şəxsi fikrimdir. Amma bir çox futbolçularımız, məsələn, legionerlərdən Vaqnerin, yerlilərdən Maksim Medvedev, Araz Abdullayev, Mahir Emreli daim “Formula 1” yarışlarını izləyirlər. Mən isə ralli oyunları oynamağa üstünlük verirəm.
- “Formula 1” yarışları zamanı Bakının bir çox yolları bağlanır və bu da insanların etirazına səbəb olur. Sizin buna münasibətiniz necədir?
- Bu, artıq fərqli yanaşmadır və müəyyən qədər siyasi fikirdir. Hər kəsin bir düşüncəsi var. Fikrimcə, qərar qəbul edən insanlar bu barədə düşünüblər və alternativ qərar qəbul ediblər. Azərbaycan Qran-prisinin başladığı ərəfələrdə biz Bakıda ya oluruq, ya da yox. Daha çox xaricə təlim-məşq toplanışlarına, oyunlara gedirik. Ona görə də şəhərdə tıxacı çox da hiss etmirəm. Amma istənilən halda, belə bir yarış şəhər küçələrində keçirilirsə, sıxlıq mütləq olmalıdır. Çünki ən işlək yollar bağlı olur.