Varşavada “Legiya”nı darmadağın edib (3:0), Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” çətin dönəmi geridə qoydu.

Rekord.az xəbər verir ki, “Vilyarreal”, “Sivasspor” və “Makkabi” (Təl-Əviv) ilə qarşılaşacaq Azərbaycan çempionu öncə İsrailə səfər edəcək.

“Qarabağ” 1/16 finala yüksələcəyi halda ilk oyuna fevralın 18-də, cavab görüşünə bir həftə sonra çıxacaq.

Pandemiyanın ölkə iqtisadiyyatına, eləcə də sponsorlara vurduğu zərbə fonunda ağdamlıların Avroliqanın qrup mərhələsinə yüksəlməsi bir növ göydəndüşmə oldu.

Avrokubokların yarımçıq dayandırılacağının mümkünlüyünü göz önünə alıb transfer məsələlərində son dərəcədə ehtiyatlı davranmağa çalışan klub rəhbərliyi “Legiya” üzərindəki parlaq qələbədən sonra xeyli rahatlaşdı.

Belə ki, “köhlən atlar” pley-offa yüksələnə qədər 1,7 milyon avro qazanmışdı. Qrupa vəsiqənin qarşılığı isə əlavə 2,92 milyon avro oldu. Bu isə ümumilikdə 4,62 milyon avro və ya təxminən 9,2 milyon manat deməkdir.

Lakin bu da son deyil. “Qarabağ” qrup mərhələsində qazanacağı hər qələbəyə görə əlavə 570 min avro, heç-heçə təqdirində isə 190 min avro qazanacaq.

Qrup birinciliyi təmin olunsa, daha 1 milyon avro gəlir əldə olunacaq. İkinciliyin dəyəri isə 500 min avrodu. Qısası, qrupda inamlı çıxış edib 1/16 finala yüksəlməklə daha 2-3 milyin avro irəli düşmək olar.