“Qarabağ” 400-500 minlik futbolçular arasında seçim edirsə..." MÜSAHİBƏ
- 04 Yan 2021 11:00
- 1099
“Neftçi”nin baş məşqçisi Samir Abasov Rekord.az-a müsahibə verib:
- Başlayaq, komandanızın qış hazırlıq planından…
- Yanvarın 4-dən hazırlıqları bərpa edirik. İlkin mərhələdə ancaq yerlilərlə məşqlərə başlayırıq. Legionerlər ayın 7-də komandaya qoşulacaq. Ayın 10-a kimi adi hazırlıq olacaq, 10-dan etibarən isə təlim-məşq toplanışına yığışırıq. Yəni komanda oteldə məskunlaşacaq və oyuna kimi orada qalacaq.
- Yəqin ki, yoxlama görüşləri də keçirəcəksiniz…
- Bəli, iki yoxlama görüşümüz olacaq. Yanvarın 10-u və 14-ə nəzərdə tutulub. Amma “Qəbələ” ilə oyunumuz alınmayacaq. Bizdən asılı olmayan səbəb var, problem “Qəbələ” tərəfi ilə bağlıdır.
- Yeni transferlərlə bağlı məsələ nə yerdədir? Ümumiyyətlə, transfer gözlənilir?
- Bəli, belə planımız var. Bir hücumçu transfer etmək istəyirik. Çünki İbara da gedib və o mövqeyə futbolçu lazımdır. Amma hər mənada münasib olan futbolçu tapmalıyıq. Həm maddi baxımdan, həm də oyun planında. Alınsa, alacağıq, olmasa da dərd etməyəcəyik.
- Komandanın fiziki hazırlıq üzrə məşqçisi ispan Mario Kastelyanonun gedişi birmənalı qarşılanmadı. Siz onunla işləmək istəmədiniz, yoxsa o sizinlə?
- Bu məsələ haqda hərə fərqli şey danışır, mən aydınlıq gətrim hər kəs məsələdən agah olsun. Bildiyiniz kimi, hər bir məşqçi hansısa kluba gedəndə öz komandasını aparır. Bu mənada mən də “Neftçi”yə baş məşqçi təyin olunanda köməkçilərim olan Seymur Rəhimovla, Vəfadar Quliyevi də yanıma gətirdim. İspan məşqçi ilə söhbətim isə fərqli olmuşdu. Mənə onsuz da fiziki hazırlıq üzrə məşqçi lazım idi. Günü bu gün də lazımdır və axtarırıq. Həmin məşqçini tanımırdım. Amma dərhal göndərilməsi kimi bir şey olmadı. Söhbətimiz belə oldu ki, bir müddət bir yerdə çalışaq, görsəm ki, anlaşırıq, işbirliyimiz alınır, o zaman davam edəcəyik. Əks halda yollar ayrılacaq. Rəhbərliyə də demişdim ki, bu məsələdə mənə vaxt verin. Bir müddət sonra gördüm ki, alınmır. Yəni fikirlərimiz düz gəlmir, metodlarımız başqa-başqadır. Ona görə də qarşılıqlı anlaşma şəraitində ayırıldıq və o özü də bunu normal qarşıladı. Hazırda bu posta yeni namizəd axtarışındayıq.
- Bəzi futbolçuların komandadan gedəcəyinə dair məlumatlar dolaşır. Saman Nərmancahan və Stiven Monrozun adı xüsusi çəkilir…
- Boş söhbətlərdi. Çünki heç kimi göndərmək kimi bir fikrimiz yoxdur. Ona görə yazılanları şaiyə adlandırardım. Baxırlar ki, hansısa futbolçu 1 aydır oynamır, yaxud az-az oynamaq şansı qazanır, düşünürlər ki, yəqin gedəcək. Ona görə yazıb atırlar, tutar tutar, tutmaz da xəbərdi də yazırıq. Saman komandamızın bir üzvüdür və bizimlə yola davam edəcək. Monroz ağır zədədən döndü, dönən kimi koronavirusa yoluxdu, yenə komandadan ayrı qaldı. İndi artıq tam olaraq sıraya dönüb və qış fasiləsindən sonra ondan çox şey gözləyirəm.
- Sizdən əvvəl Emin Mahmudovun oyununda geriləmə var idi. Son zamanlar, ümumiyyətlə, oynamaq şansı qazanmırdı. Sanki Emini itirirdik. Amma gəlişinizdən sonra onu əsas heyətə qaytarıb, kapitan sarğısını da qoluna bağladınız.
- Eminlə ayrıca söhbətimiz oldu. Çünki potensialına bələdəm. Hələ “Neftçi”yə gəlməmişdən əvvəl də həmişə Emin haqda yüksək fikirdə olmuşam. Sadəcə, oynamadığı üçün müəyyən psixoloji problemləri yaranmışdı. İlk növbədə həmin problemləri çözdük və Eminin özünəinamını qaytardıq. Bir kapitan kimi ona böyük ümidlərim var.
- Sizdən əvvəl belə söhbətlər eşidirdik ki, futbolçular məşq prosesinin ağırlığından şikayətlənirlər, hətta gündə iki dəfə məşqə çıxmalı ollurdular. Siz gələndən sonra yəqin ki, məşq prosesini dəyişdiniz…
- Təbii ki, dəyişdik. Bilirsiniz, hər məşqçinin öz məşq prosesi, öz məşq metodu var. Özümdən əvvəlki məşqçinin iş prinsipləri haqqında söz deməyim düz çıxmaz. Mən öz işimdən danışa bilərəm. Komandanı qəbul edəndən sonra öz sistemimi oturtmağa başladım. Gördüyümüz işə kənardan qiymət verilsə yaxşı olar. Düşünürəm ki, futbolçular məndən razıdır.
- Mirabdulla son turda dublla yadda qaldı. Daha əvvəllər də onun məsuldar olduğu zamanları görmüşük. Amma sanki onda stabillik çatmır. Bir neçə oyun oynayır, sonra bunun davamını gətirə bilmir. Mirabdullanın stabil oynaması üçün nə etmək fikrindəsiniz?
- Mirabdullaya bir nömrəli hücumçu gözü ilə baxıram. Son turlarda da yaxşı mənada havalardadır. Yəni özünə çox inanır. Biz məşqçi olaraq öz üzərimizə düşəni edəcəyik. Futbolçunu fiziki, texniki-taktiki, psixoloji cəhətdən hazırlayacağıq. Amma elə şeylər var ki, bizdən yox, sırf futbolçunun özündən asılıdır. Mİrabdulla uşaq deyil. Gərək özünə peşəkar yanaşa, hər xırda şeydən həvəsdən düşməyə. Məsələn, sabah biz komandaya yeni bir hücumçu da dəvət edə bilərik. Əgər Mirabdulla belə şeyə görə həvəsdən düşəcəksə, onun futbolu öldü. Əksinə, başa düşməlidir ki, bütün bunlar rəqabət yaratmaq üçündür və komandanın xeyirinədir.
- Səlahət Ağayevin durumu haqda da soruşmaq istərdim. Çünki çoxdandır onu da meydançada görmürük. Milliyə də dəvət almır. Sanki Səlahəti futbolçu kimi itiririk…
- Səlahət inandığım futbolçulardan biridir. Onun psixoloji cəhətdən problemləri var. Tək ehtiyata düşmək söhbəti deyil, eyni zamanda dirsəyindən əməliyyat olundu, futboldan kənar qaldı. Amma o da artıq sıraya qayıdıb və çox həvəslidir. Ümumiyyətlə görəcəyimiz işlər çoxdur. Bayaqdan neçə futbolçunun adını çəkmisiniz, hər birinin də ayrı-ayrılıqda problemləri var. Onları da biz həll etməliyik. Yəni işimiz çoxdur.
- “Neftçi” son illər çempionluq uğurunda mübarizəyə qoşulsa da hələ də “Qarabağ”I üstələyə bilmir. Sizcə, bunun üçün “Neftçi”yə nə mane olur və siz bunun çarəsini nədə görürsünüz?
- Çempionluq üçün nə çatmır? Əvvəlki vəziyyət haqda danışmaq istəmirəm, çünki işləməmişəm, işləyənlər daha dəqiq cavab verə bilər. Amma fakt o idi ki, əvvəlki heyət və büdcə indikindən daha yaxşı idi. Bordinin dövründəki heyətə nəzər salın, görün, hansı futbollçular oynayırdı. Yəni bunlar faktdır. Son mövsüm büdcədə azalma oldu və bunu hər kəs bilir. Dedilər baza tikilir, filan. Sizi əmin edirəm ki, “Neftçi” büdcəsinə görə “Qarabağ” xaric, digər klublardan seçilmir. İstər “Zirə” olsun, istər “Sabah”, ora dəvət olunan futbolçular hansı meyarla çağırılırsa, bizdə də eyni şeydi. Yəni eyni səviyyəli futbolçular arasında seçim edilir, bizim seçdiyimiz futbolçuların qiyməti deyək ki, “Zirə”nin seçdiyi futbolçudan baha deyil. Bu mənada “Qarabağ” bizdən üstündür və onlarla ayaqlaşa bilmərik. Bu gün “Qarabağ” deyək ki, 400-500 minlik futbolçular arasında seçim edirsə, biz 80 minlik futbolçular arasında seçim edirik. Bunları bəhanə üçün demirəm sadəcə, reallıq olduğu üçün dilə gətirirəm ki, hər kəs bilsin. Bizim hədəfimiz çempionluqdur və sona qədər də mübarizəmizi aparacağıq. Necə deyərlər, son damcıya qəd\r suyumuzu sıxacağıq.
Anar XANLAROV