“Sumqayıt” – “Qarabağ” matçında yaşananlardan sonra nəyin baş verdiyini detallı öyrənmək üçün çox adam mənə zəng vurdu, mesaj yazdı. Həmkarlarım, azarkeşlər, dost-tanış, futbol adamları, hətta kifayət qədər nüfuzu olan şəxslər. Ona görə ətraflı yazacağımı demişdim. Oyundan sonra şəxsən "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl yerində hadisəyə müdaxilə etdi, üzrxahlıq elədi və aradakı münasibət, qarşılıqlı hörmət naminə məsələni uzatmadım. Çəlikəlin böyüklüyü, kişiliyi və aramızdakı hörmət xatirinə məsələni orda bağladıq.

 

Amma bu, o demək deyil ki, kimlərsə harınlıq eliyib, cızığından çıxacaq və biz də buna biganə qalacayıq.  Yadınızdadırsa, vaxt ilə “Neftçi” ilə bağlı analoji problemlər yaşanırdı. Mətbuat da, ictimaiyyət də həmin vaxtlar “Neftçi”yə hansı təzyiqi, tənqidi göstərirdi. Əgər o vaxt “Neftçi” haqqında bunları yazırdıqsa, baş verənlərin “Neftçi”nin adına, tarixinə yaraşmadığını deyirdiksə, bu gün eyni şeyi “Qarabağ” haqda da deməliyik. Gəlim məsələnin ocağına.

 

Matçın sonlarına yaxın Əli Qurbani yerdə qaldı. “Qarabağ” isə hücuma çıxırdı. Top sol cinahda irəıliləyən Tural Bayramova ötürüldü və Tural da hücumu saxlayıb topu auta çıxardı. Bu zaman komandanın kapitanı Maksim Medvedev çox kobud şəkildə Turalın üstünə qışqırdı ki, topu niyə çıxardırsan. Yazıq uşağın rəngi qaçdı e sanki böyük bir qəbahət işlətmişdi. Şəxsən mənə də xoş gəlmədi. O başqa məsələ ki, Qurbani doğrudan ciddi zədə almışdı, ya vaxt udurdu, amma istənilən halda məsələnin mahiyyəti dəyişmir. Yəni bu uşaq artıq topu auta atıb. Sən lap gedib onu söysən də, vursan da heç nə dəyişməyəcək. Həm də ki, ay Maksim, sən axı kapitansan. Tək “Qarabağ”ın yox, həm də millinin. Başa düşürəm, xal itirmək təhlükəsi futbolçuda həyəcan, hirs, aqressiya yaradır. Amma sən təcrübəli futbolçu və kapitansan, eyni zamanda lider sayılırsan. Gənc futbolçuya fair-play jestinə görə o formada reaksiya sənə yaraşmır. Oyunu mənimlə yanaşı izləyən report.az-dan olan həmkarım Elnur Salahova dediyim söz də bununla bağlı oldu. Yəni, “Maksim, sən millinin kapitanısan axı”. Mənim bu sözümə arxadan reaksiya gəldi: “NEYLƏMƏLİ İDİ Kİ, QAQAAAA”. Döndüm arxaya, gördüm göy “balonka”da, başında papaq, “kapşonka”, ağzına da maska taxıb burnuna qədər qaldırıb. “Qarabağ”ın işçisi hesab elədim. İnsidentdən sonra öyrəndim ki, həmin şəxs “Qarabağ”ın futbolçusu Rahil Məmmədov imiş. Bu adamla dialoqum epizodla bağlı oldu. Mən buna izah eləməyə çalışıram ki, yerdə futbolçu var və Tural da topu qırağa vurmaqda qəbahət bir iş görməyib. Bu da dirənib ki, yox e o yalandan yıxılıb, artistlik eliyir, “Sumqayıt” həmişə belə eliyir və s. Axırda mənə qayıdasan ki, “sən düzgün danışmırsan”. O ana qədər səbrimi sıxdım. Elnur Allah şahididir ki, oturub danışırdım. Sadəcə, artıq səbr etmək mümkün deyildi. Mən söhbəti ümumi yazıram. O anı kimsə videoya çəksəydi, ya orda olsaydı o futbolçunun danışıq tərzini, yekəxanalığını, saymazyana hərəkətini (oturacağın üstündə ayaq üstə oyuna baxıırdı) görsəydi, mənə deyərdi ki, yaxşı səbr elədin. Çünki arxada VİP loja var idi, klub rəhbərləri, millinin baş məşqçisi, rəsmi şəxslər oyunu izləyirdi, azdan-çoxdan bizi də tanıyırlar, amma “sən düz danışmırsan” sözü bütün bəndləri dağıtdı, qalxdım ayağa. Çünki gördüm ki, normal danışıq keçmir, bununla qandığı dildə danışmaq lazımdır. Mən ayağa qalxan kimi, sanki “Qarabağ”ın yuxarıda dayanan işçiləri pusquda dururmuş kimi, töküldülər press lojaya bununla da ara qarışdı. Düzdür, dava olmadı, amma əməlli-başlı insident yaşandı. Yəni rus deməli, “spor”, dartışma, itələmə. Xüsusilə bir nəfər var idi, bilmədim mühafizə xidməti idi, ya texniki işçi, amma “Qarabağ”ın işçisi idi, əynində də klubun qara Adidas kurtkası var idi. Bəlkə də insidentin pik həddə çatmasının əsas günahkarı da o şəxs oldu. Çox təəssüf ki, kim olduğunu dəqiqləşdirə bilmədim. O adam məni o həddə çatdırdı ki, vəsiqəni, jurnalistikanı yaddan çıxardıb həmin adamı dartırdım ki, aparım aşağı. O anda polislər gəldi aranı sakitləşdirdi. Məhz o adama görə, oyun bitən kimi birbaşa yuxarı, “Qarabağ”ın işçiləri dayanan yerə qalxdım. İki dəfə kənara çağırdım gəlmədi. 10 dəqiqə qabaq talpanın içində genələn adam oyundan sonra quzuya dönmüşdü. Ardınca Əmrah bəy gəldi məni çəkdi apardı, dediyim kimi, danışdıq və məsələni bağladıq. Olayın özəti budur. İndi deməyim nədir?

 

Birincisi, ondan başlayım ki,  “Qarabağ”ın ehtiyat futbolçusu və texniki heyətinin press lojada nə işi var idi? Mən jurnalistəm, vəsiqəmi boynuma asıb mənim üçün ayırılan yerdən oyunu izləyirəm. Eyni zamanada klubların futbolçuları və nümayəndələri üçün də ayrıca sektor ayırılır. Niyə gedib orda oturmamışdılar? Klubun futbolçusu və işçisinin press lojada nə işi var ki, jurnalistlər arasındakı söhbəti də eşidib ona müdaxilə eləsin və xoşagəlməz söhbətin yaranmasına səbəbkar olsun? Sən kimsən və sənə kim bu ixtiyarı verib ki, xoruz hasara tullanan kimi, oturacaqların üstü ilə tullanıb press lojaya soxulursan və jurnalistlə mübahisəyə girişirsən? Lap deyək ki, hansısa jurnalistlə futbolçu arasında mübahisə düşür. Klubun aidiyatı şəxsləri, direktoru, mətbuat katibi və s. var. Sən kimsən və özünü nə hesab edirsən? Sənin kimilərinin yüzünü bu günə kimi qarşılayıb, yola salmışıq. Vaxtı ilə elə klublarımız var idi, hər oyuna bir avtobus mühafizəçi aparırdı. Hamısı da div boyda. Biz 21-22 yaşımızdan o cür mühafizəçilərlə "kəllə-kəlləyə" gələ-gələ jurnalist işləmiş adamlarıq. Çox sənin kimilərini görmüşük ki, oyunda "genəlib" oyundan sonra elə sənin kimi quzuya dönür. Ümumiyyətlə, düşünürəm ki, bu cür şəxslərin “Qarabağ”da çalışmasının özü belə, böyük qəbahət, klubun imicinə zərbədir. Belə şəxslər haqqında vaxtında ölçü götürülməsə, sonra daha betər hadisələr baş verəcək. Əminəm ki, mənim yerimə , yeni, daha cavan, fiziki cəhətdən zəif jurnalist olsaydı, ona qarşı güc də tətbiq edərdilər. Sonra da klub olaraq, gəl, bunun altından çıx.

 

Gəlim, Rahilə. Sən axı nə vaxt futbolçu oldun, hansı uğuru qazandın ki, bu gün belə genəlirsən, cızığından çıxırsan. 26-27 yaşın var, 2-3 ilik aktiv futbolçu ömrün qalıb, amma hələ də 8 komandalı “Bakı çempionatı”nda ehtiyatda oturursan. Heç olmasa, dilin buna görə olsun da. Sən kimsən ki, jurnalistin söhbətinə qulaq asırsan, ona bu formada müdaxilə edirsən. Kim verib sənə bu ixtiyarı? Sənin işin futboldu get, futbolunu oyna. Oynamağı bacarmırsansa, dilini qoy qarnına, otur yerində. Adam dostuna, qardaşına, komanda yoldaşına görə mübahisə edər, amma baxır harda. Orda kimsə Maksimi söysə, təhqir etsə, onun haqqında qeyri-etik ifadə işlətsə, deyərəm ki, komanda yoldaşıdr, təhqir olunmasına dözmədi, dilləndi. Mənim dediyim söz bundan ibarət idi “Maksim, millinin kapitanısan axı”. Yəni bu sözü mən elə Maksimin özünə də deyərəm. Əslində, günah səndə deyil. Günah elə biz jurnalistlərdədir ki, futbolçunun “f” hərfi olmadığın halda, səni başımıza çıxartmışıq. Sən yaxşı futbolçu olsan, “Neftçi” səni saxlayardı.  Sən o Railsən ki, "Neftçi"də biabırçı oyuna görə sizə etiraz edən azarkeşə hücum edib onu vurmuşdun.

Elə o hadisədən sonra da  "Neftçi"də çox qalmadın və ordan qovdular. "Neftçi"də geyindiyin formaya, onun atributuna necə hörmət edirdinsə, "Qarabağ"da da bu cür edirsən. "Neftçi"dən sonra oynadığın klub “Səbail” idi, Qurban Qurbanov yerli fiutbolçu kimi gətirdi ki, həm limitə düşürsən, həm də bəlkə geyindiyin formanın məsuliyyətini dərk edib futbolçu olasan. Hanı oynadığın futbol? Mən hələ yadıma sala bilmirəm ki, sən sonuncu dəfə nə vaxt meydançada olmusan? Meydançada olmaq cəhənnəm, heç “18-liy”ə düşə bilmirsən. Hansı gününə genəlirsən? Sən həmin Railsən ki, avrokubokda meydançaya çıxanda ayaqıların əsirdi. Hamı Qurbanovu qınayırdı ki, bu, hər an partlamağa hazır bombadı, niyə oyuna buraxmısan. Keçən mövsüm etdiyin səhvləri də unutmamışıq. Jurnalistlə problem yaşayan futbolçu hələ xeyir tapmayıb onu da deyim biləsən. Sabiq kapitanın Rəşad Sadıqovun heç dırnağı ola bilmərsən. Rəşadın jurnalistlərə hansı münasibəti göstərdiyini görməmisən? Sənin bu gün üçün jurnalistlərdən tək artıq tərəfin layiq olmadığın halda ehtiyatda otura-otura aldığın pullardı. Başqa heç bir artıq tərəfin yoxdur. Sən və sənin kimi futbolçular jurnalistin qələmindən asılısınız, sırğa eləyin, asın qulağınızdan. Odur ki, yerini və həddini bil!

 

Anar XANLAROV