"Qarabağ" - "Omoniya" qarşılaşmasında diqqəti çəkən məqamlardan biri də "Qarabağ Ordu" azarkeş qrupunun maraqlı xoreoqrafiya təqdim etməsi oldu.

Rekord.az xəbər verir ki, həmişə komandanın yanında olan fanklubun addımı böyük əksəriyyət tərəfindən bəyənildi. Görəsən, "Qarabağ" xoreoqrafiya hazırlanarkən fankluba dəstək olub? Necə olub ki, belə qərara gəliblər?

Suallarımıza cavab almaq üçün azarkeş qrupunun üzvlərindən Murad Xudiyevlə əlaqə saxladıq:
 

"Bir neçə aydı belə planımız var idi. Sadəcə, doğru zamanı gözləyirdik. Artıq bunu etməli və cəmiyyətə nəyə qadir olduğumuzu, nə edə biləcəyimizi göstərməliydik. Bir neçə gün əvvəl Ağdam şəhərinin işğaldan azad olunmasından 1 il ötdüyünü bilirsiz. Bu tarixə ən yaxın olan qarşılaşma isə “Qarabağ”ın görüşü idi. Biz də fikirimizi daha aydın izah etmək üçün düşmənə qorxu mesajını bununla göndərdik. Xoreoqrafiyada Ağdamın Cümə məscidi, "İmarət” stadionu, önündə Qarabağın rəmzi olan at və uşaq, əlində isə "Qarabağ"ın rənglərini daşıyan bayraq təsvir olunub. Bu o deməkdi ki, artıq biz öz evimizə geri qayıdır, "İmarət"ə gedirik. Bu o deməkdi ki, artıq Ağdam düşmən tapdağı altında yox, bizim güvənli qollarımızdadı. Orda yazılan "sizin boş xəyallarınız bizim gerçəklərimizdi" yazısının da anlamı var. Belə ki, "Qarabağ" avrokubok matçlarında irqçiliyə məruz qalır. Bu bizim güclü olduğumuz anlamına gəlir. Bizə qarşı irqçi davranan, yuxarıdan aşağı baxan məhz o “komandalar” "Qarabağ"a məğlub olur. Bu yazı birbaşa onlara ünvanlanıb. Nə klubdan, nə də başqa bir yerdən maddi-mənəvi dəstək almışıq. Bu xoreoqrafiyanı hazırlamaq 15 günümüzü alıb. Biz bunu heç bir istilik mənbəyi olmayan soyuq yerdə etmişik. Gecə-gündüz dayanmadan çalışdıq və bitirdik".



Həmsöhbətimiz məbləğ açıqlamasa da, əldə etdiyimiz bilgiyə görə, xoreoqrafiyanın hazırlanmasına 2 min manat xərclənib. ("Futbol plus")