Ölkə futbolunda ən aktual klub “Qarabağ”dı desək, yanılmarıq.

 

Rekord.az xəbər verir ki, 2020-ci il Ağdam təmsilçisi üçün həm sevindirici, həm də kədərli oldu.

 

“Köhlən atlar” hər il olduğu kimi, yenə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Daha sonra Qarabağ Azərbaycan ordusu tərəfindən işğaldan azad olundu. Müharibə dövründə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov sosial şəbəkələrdə ermənilərin Bərdədə törətdiyi terror aktı haqda yazdığı posta görə futboldan ömürlük uzaqlaşdırıldı. Qərarı Avropanın ən ali futbol qurumu olan UEFA-nın İntizam Komitəsi verdi. Bundan sonra “Qarabağ”ın doğma yurdu olan Ağdam şəhəri işğaldan azad edildi. Klubun futbolçuları və rəhbərliyi viran qalan məmləkətlərinə səfər etdilər. “Köhlən atlar”ın sevincli günləri az çəkdi. Komandanın üzvləri COVID-19 infeksiyasına yoluxdular. Bu səbəbdən də Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin “Vilyarreal”a qarşı son matçında iştirak edə bilmədi.


Beləliklə, klub üçün müəmmalı iki məsələ gündəmdədi. Nurlan İbrahimovun problemiylə bağlı hansı yenilik var? UEFA “Vilyarreal”la görüş haqda hansı qərarı verəcək?


Suallarımızı cavablaması üçün “Qarabağ”ın baş meneceri Asif Əsgərovla əlaqə saxladıq: “Nurlan İbrahimovun məsələsiylə bağlı apellyasiya məhkəməsinə müraciət etmişik. İki həftə müddətində hazırlıq işləri gördük. Əməkdaşımızın problemi ilə məşğul olması üçün bir neçə türkiyəli vəkil tutmuşuq. UEFA apellyasiya orqanı müraciətimizi qəbul edib. İndi gözləmə mövqeyindəyik. Gözləyək, görək apellyasiya məhkəməsi hansı qərarı verəcək. Biz lazım olan bütün sənədləri və dəlilləri təqdim etmişik. Avropa Liqasının İ qrupunun son turunun “Vilyarreal” – “Qarabağ” matçının taleyinə gəlincə, burda da yekun qərarı Avropanın ali futbol qurumu verəcək. “Qarabağ” bütün məlumatları öncədən UEFA-ya təqdim edib. Oyunun təxirə salınması və ya texniki məğlubiyyət verilməsi ilə bağlı qərarı qurum verəcək. Bu barədə UEFA-dan heç bir məlumat daxil olmayıb. Qərar verilən kimi ictimaiyyətlə bölüşəcəyik”.