Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində İstanbul şəhərində Təl-Əviv “Makkabi”si (İsrail) ilə qarşılaşacaq “Qarabağ” bu gün Türkiyəyə yola düşüb.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi bu oyuna bəzi itkilərlə gedib.

Ən vacib itki baş məşqçi Qurban Qurbanovun yoxluğudur. O, koronavirusa yoluxduğuna görə səfərə getməyəcək. Kapitan Maksim Medvedev də hələ klubun düşərgəsinə qayıtmayıb. Əvəzində Rahil Məmmədov koronavirusdan sağalıb. 25 yaşlı müdafiəçinin son testi mənfi çıxıb. Hazırda Xorvatiyada olan oyunçu bu gün Türkiyənin İstanbul şəhərinə uçaraq, "Qarabağ"ın düşərgəsinə qoşulacaq. Koronavirusdan sağalan Maksim Medvedev isə sabah Bakıya qayıdacaq. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır.

Qurban Qurbanov İstanbula getməyəcəyi üçün, bu gün oyundan öncə təşkil olunacaq mətbuat konfransında onun köməkçisi Elçin Rəhmanov iştirak edəcək. Sözügedən tədbir sabah, yerli vaxtla saat 15:30-da “Qarabağ”ın yerləşəcəyi “Pullman” otelində baş tutacaq. Oyundan öncəki son məşq isə yerli vaxtla saat 18:30-da “Başakşəhər Fatih Terim” stadionunun köməkçi meydançasında baş tutacaq.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.