Sloveniyanın “Olimpiya” klubunun futbolçusu Svit Seşlar Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyununu şərh edib.

Rekord.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra Azərbaycan çempionunu cari mövsüm üz-üzə gəldikləri əvvəlki rəqiblərlə müqayisə edib: “Qalatasaray” “Qarabağ”la müqayisədə daha səviyyəlidir. Amma Azərbaycan təmsilçisi də meydanda nə etdiyini bilir. Bu komanda Çempionlar Liqasının təsnifatında üstələdiyimiz “Ludoqorets”dən daha kompakt komandadır”.

Gənc oyunçu hələ də mərhələ adlayacaqlarına inamını itirməyib: “Oyun çətin keçdi. “Qarabağ” keyfiyyətli rəqibdir. Matça yaxşı başlasaq da, birinci hissənin sonlarında iki qol buraxdıq. İkinci hissədə ən azı bir qol vurmağa layiq idik. Uduzsaq da, Azərbaycana ümidli getməliyik. Vəziyyəti lehimizə çevirəcəyimizə inanıram”.

“Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.