“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Qaspar Panadero əvəzedici heyətə göndərilib.

Rekord.az xəbər verir ki, 24 yaşlı futbolçu “Qarabağ-2”nin heyətində Birinci Divizionun 7-ci turunun "Səbail-2" ilə matçında meydana çıxıb.

Panadero oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan "Kayrat"ını 2:1 hesabı ilə yendikləri Konfrans Liqasının 3-cü tur oyunundan əvvəl məşq zamanı zədələnmişdi. Hazırda o, zədədən bərpa dövrü keçir.

Ağdam təmsilçisi bu gün "Kayrat"a qarşı səfər oyunu üçün Qazaxıstana yola düşüb. Panadero əsas komandada oynamağa hazır olmadığından səfərə aparılmayıb.

Noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 19:30-da start veriləcək. Əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero və zədəsini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov da bu oyunu buraxacaq.