Xalqımız möhtəşəm Qarabağ zəfərinin sevincini yaşamaqdadır. Düzdür, bu müharibədə xeyli şəhidlərimiz də oldu və onların ruhuna olan etiramımız da əbədidir. Amma eyni zamanda bu zəfərin qazanılması həmin şəhidlərimizin də ruhunu şad elədi. II Qarabağ savaşında canlı iştirak edən, şəhid və qazi olan idmançılarımız, futbol adamlarımız da oldu. Şəhidlərimizi az öncə qeyd ediyimiz kimi, daim dərin hörmət və ehtiramla yad edəcəyik. Qazilərimizə isə diqqət və qayğı borcumuzdur. Bu cür qazilərimizdən biri də Zahir Həsənovdur. Zahir bəy keçmiş futbolçu və futbol hakimidir. Eyni zamanda hər iki Qarabağ savaşında yaxından iştirak edib. Təbii ki, hazırda 62 yaşı olduğunu nəzərə alsaq, daha çox I Qarabağ savaşında aktiv iştirak edib, xüsusilə, hazırkı qələbələrin əsasının qoyulduğu Horadiz əməliyyatının ən fəal iştirakçılarından olub. Elə I Qarabağ döyüşlərində də yaralanaraq qazi statusunu alıb. Buna baxmayaraq, yaşının bu çağında belə, II Qarabağ döyüşlərindən də kənar qalmayıb və müharibənin ilk günlərindən cəbhə bölgəsinə yollanıb. Əsgərlər və hərbiçilər ona “komutan”, “komandir” deyə müraciət edir. Yaxşısı budur öncə özünün 44 günlük müharibə ilə bağlı təəssüratlarını öyrənək, daha sonra futbolumuzun bugünkü durumu haqda da geniş fikirlərini sizə təqdim edəcəyik:

 

“Mən özüm Füzuli rayonundanam. Bəzən bu müharibəıni I və II Qarabağ müharibəsinə bölürlər, amma mən bunu qəbul etmirəm. Müharibə Qarabağ müharibəsi olub, 90-cə illərdə olan da indiki müharibə də. Mən özüm 90-cı illərdən döyüşçü kimi aktiv döyüşlərdə iştirak etmişəm. Azərbaycan bayrağı ordenin sahibiyəm. Horadiz əməliyyatının birbaşa iştirakçısı olmuşam. Sentyabr ayında döyüşlər başlayanda da evdə otura bilməzdim. 44 günlük müharibənin 41 günün ön cəbhədə olum və oğlum Ceyhunla çiyin-çiyinə döyüşlərdə iştrak etdim. Çox az adam tapılar ki, ata-oğul birlikdə döyüşsün. Təbii ki, ilk dəfə gedəndə qəbul etmək istəmirdilər. Yəni o mənada ki, cavan əsgərlərimiz deyirdi ki, dayı, biz ölmüşük ki, sən bura gəlmisən, get, rajat otur evində biz döyüşəcəyik. Ancaq bunu qəbul etmədim və bildirdim ki, bu yaşımda belə, onların yanında olmalı və ən azı mənəvi dəstəyimi göstərməliyəm. Ümumiyyətlə, bizim kimi döyüş veteranlarının cəbhə bölgəsində olmasını vacib sayırdım. Çünki keçmiş döyüşçülər əraziləri yaxşı tanıyır, hansı yolun daha uyğun, hansının daha təhlükəli olduğunu gözəl bilir. Bir növü bələdçi kimi, köməyimizdən istifadə oluna bilərdi. Bu mənada mənim də bir neçə dəfə vacib tövsiyyəm oldu ki, işə yaradı. Məsələn, bir epizod oldu güllələr, mərmilər başımıza yağış kimi yağmağa başladı. O an üçün irəliləmək yox, gözləmək lazım idi. Bunu hiss etdiyim üçün əsgərləri yaxın ərazidə yerləşən körpünün altına yığdım. Biz ora yığılandan sonra az öncə olduğumuz yeri güllə-baran etdilər. Əsgərləri ora yığmasaydım xeyli itkimiz olacaqdı”.

 

Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edən qazimiz ordumuzun möhtəşəm qələbəsindən də ürəkdolusu danışdı: “Böyük qələbə qazandıq. Xaalqımızın, ordumuzun gücünü düşmənə göstərdik, onları daradağın elədik. Bu qələbə başda Ali Baş Komandan İlham Əliyev olmaqla, bütün əsgərlərimizin, hərbçilərimizin, xalqımızın yumruq kimi birliyinin sayəsində qazanıldı. Döyüşlər vaxtı bizim cavan əsgərlərimizin necə döyüşdüyünün canlı şahidi oldum. Həmişə öyrəşmişdim ki, mən qabaqda gedim, amma bu döyüşlərdə oğlum məndən öndə gedirdi. Əsgərlərimiz o qədər böyük şücaətlə döyüşürdü ki, mən özüm də ləzzət alırdım. İnsanda o qədər əminlik var idi ki, bəzən döyüş vaxtı irəli gedəndə heç əyilmirdim, ayaq üstə gəzə-gəzə gedirdim. Halbuki hər an güllə dəyə bilərdi. Bu cür döyüşə-döyüşə Şuşaya qədər gedib çıxdıq və möhtəşəm zəfər qazandıq. Heç kimdə şübhə olmasın ki, bundan sonra Azərbaycan daha qüdrətli, daha möhtəşəm olacaq”.

 

Zahir bəylə daha sonra futbol bağlı mövzulara keçdik. Bu barədə daha geniş təqdimata ehtiyac duyduq: “Mən Füzulidə doğulsam da 1966-cı ildən Sumqayıt şəhərində yaşayıram. Futbolla tanışlığım da bu şəhərdə olub.70-ci illərdə Sumqayıtda futbol çox inkişaf etmişdi, az qala hər zavodun, hər müəssisənin komandası var idi. Şəhərin o dövr üçün məşhur komandaları “Polad” və “Kaspi” idi. Mən özüm “Kaspi”də oynamışam. Ampluam mərkəz müdafiəçisi olub. O vaxt “opornı” deyirdilər, indiki dillə dayaq yarımmüdafiəçisi deyilir. Futbolçu karyeramı erkən bitirib daha sonra hakimliyə başlamışam. Hakim kimi karyeram daha zəngin olub. Yan xətt hakimi olmuşam, həm ölkə, həm də ittfaq səviyyəsində bir çox oyunları idarə etmişəm”.

 

Həmsöhbətimiz Azərbaycan futbolunun Sovet dövrünü də bizim üçün xarakterizə edib: “Düzdür, o vaxtlar ölkənin əsas komandası “Neftçi” idi və SSRİ çempionatımnda oynayırdı. Amma daxili çempionatda da kifayət qədər güclü komandalar var idi. O komandaların bəziləri həytta SSRİ çempionatının II dəstəsində də çıxış edirdi. “Xəzər” Sumqayıt, “Dinamo” Kirovabad (Gəncə), “Qarabağ”, “Göyəzən” və s. O vaxtlarda da hakim kimi ən ağır oyunlar bölgə oyunları olurdu. Məsələn Qərb derbiləri o vaxtdan gərgin keçirdi. Gəncə-Qazax, Gəncə-Mingəçevir, Mingəçevir-Qazax komandaları arasındakı oyunlar demək olar ki, dava-dalaşsız keçmirdi. Bundan başqa, Ağdamda olan oyunlar da çətin keçirdi. Eyni zamanda Xankəndindəki matçlar da gərginliyi ilə yadda qalırdı. O vaxt orda da “Qarabağ” komandası var idi və heyətinin böyük əksəriyyəti ermənilər idi. Bəzən elə olurdu ki, əssa heyətdə 1 nədər azərbaycanlı olurdu. Baş məşqçiləri də erməni olurdu. Məsələn, onlar hələ o vaxtdan bizi həzm etmirdilər. Səhv etmirəmsə bir dəfə onların Mingəçevirdə “Avtomobilçi” ilə oyunlarını idarə edirdim, elə oldu ki, 0:1 uduzdular, qolu da penaltidən buraxdılar. Oyundan somnra baş məşqçiləri gəlib kobud şəkildə etirazını bildirdi, hətta hədələdi ki, Xankəndində gələcəksiniz filan. O anda beynim necə çöndüsə az qala vuruib birtəhər edəcəkdim. Özümün də cavan vaxtlarım idi. Aranı güclə sakitkləşdirdilər. Yəni bunların erməni xisləti o vaxtdan özünü büruzə verirdi”.

 

Zahir bəy futbolumuzun bugünkü durumunu da şərh etdi: “Hazırkı durum çox bərbaddı. Hər şey göz önündədir, futbolumuz günü-gündən uçuruma gedir. Çempionatın səviyyəsi göz önündıdir. Cəmi 8 komanda onun da hamısı demək olar ki, Bakıda məskunlaşıb, Bakını təmsil edir. Halbuki bir vaxtlar ölkənin az qala hər bölgəsində güclü klublarımız var idi. Qərbdən başlayaq “Kəpəz”, “Turan”, “Göyəzən”, “Avey”, “Şəmkir”, “Energetik”, mərkəzə gəlirik Yevlaxda o vaxtlar “Avtomobilçi” kimi komanda olub, “İnşaatçı” Sabirabad, “Plastik” Salyan, “Pambıqçı” Bərdə, üzü yuxarı qalxsaq “Kürmük” Qax, “Daşqın” Zaqatala, Şimala doöru irəliləsək “Şahdağ” Quba, “Şahdağ” Qusar, eyni zamanda Dəvəçidə, Şiyəzəndə də yaxşı komandalar olub. Cənubda “Üzümçü” Cəlilabad, “Xəzər Lənkəran”, “Viləş” Masallı bundan başqa, Naxçıvanın özündə vaxtı ilə çox güclü komanda olub, Sumqayıtda “Xəzər” kimi komanda var idi, Bakının özündə xeyli sayda güclü komandalar olub. Hələ mən I Divizionda yarışan Şamaxı, Kürdəmir, Neftçala, Cəbrayıl, Füzuli və s. kimi rayonların komandalarını demirəm. Gəlin görək, bu gün bunların hansı var? Heç biri. Bir tək “Qarabağ” var təkbaşına yükü alıb çiyninə gedir. Mİlli komandanın səviyyəsi də ortadadır. Üzü Fiqtsdan bu yana yığıb əcnəbiləri gətirirlər bura, milyonları yedirdirlər, sonra da yola salıb yerinə başqasını gətirirlər. Nəticə də yoxdur. Nəticə yoxdursa, bu qədər milyonları niyə dağıdırlar? Harda futboldan bixəbər adam var yığılıb AFFA-ya. Tək-tük futbol adamlarının da hansısa səlahiyyəti yoxdur. Nazim Süleymanov kimi futbol adamı bu gün futboldan kənardadır. Niyə? Hansı ki, Azərbaycanı bir vaxtlar Rusiya kimi dövlətdə layiqincə təmsil edib. Asəf Namazov kimi müdafiəçi Azərbaycanda hələ yetişməyib. Amma onu AFFA-ya yaxın buraxmırlar. Futbol sanki bir qrup adamın əlində cəmləşib. Mən özüm hakim olmuşam. Azərbaycan hakimlik məktəbinin Tofiq Bəhramov, Eldar Əzimzadə, Rüstəm Rəhimov kimi yetirmələri olub. İndi I məltəbdən əsər-əlamət qalmayıb. Gətirib əcnəbinin birinin oturdublar hakimliyin başında olan-qalan hakimlik də məhv olub gedir. Bir sözlə, hər sahədə bərbad durumdu. Futbolumuzu idarə edən hazırkı AFFA rəhbərliyi istefa verib getməlidir. İlk növbədə onları futboldan qovmaq lazımdır. Yeni sistem, yeni idarəçilik qurmalıyıq. Kazbek Tuayev kimi birisi orda niyə oturub, Azərbaycan futboluna bu günə kimi hansı faydası toxunub? Futbolun inkişafını istəyiriksə, ilk növbədə məhəllə futbolunu geri qaytarmalıyıq. Banişevski, Asəf Namazov, Smolnikov, Nazim Süleymanov, Vəli Qasımov kimi futbolçular məhəllə futbolundan çıxıb. Nazimin ilk müəllimi mən olmuşam, onu futbola ilk mən yazdırmışam. Məhəllə çempiomnatları, məktəb çempionatları yenidən bərpa olunmalıdır. Futbol mütləq şəkildə kütləvilişməlidir. Biz o vaxt Füzuli, Cəbrayıl, Ağdam kimi rayonlarda komandalar yaratmışdıq. Bu gün amma cəmi 8 komanda var, onlar da Bakıda oynayır, onlara da AFFA nəzarət edir. Belə durumda futbol inkişaf edə bilməz”.

 

Anar XANLAROV