Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu gsp.ro saytına açıqlama verib.

Rekord.az xəbər verir ki, mütəxəssis "Neftçi"dəki işi barədə və Azərbaycan çempionatının durumu haqda danışıb: 

"Sabah"ın yoxlama oyununda "Rapid"i məğlub etməsi (2:1) haqqında oxudum. Həmin komanda Azərbaycanda 8-ci yerdədir. İkinci yerdən bir xal geri qalan "Neftçi" ilə 3-cü yerə yüksəlmişdim. Azərbaycan çempionatı güclüdür, balans var, fərqləri də görmək olur. Üstəlik, çempion olan "Qarabağ" şou göstərir və Avropa Liqasında oynayır".

44 yaşlı məşqçi yeni komandada işləmək barədə yalnız fevral ayından sonra düşünəcəyini bildirib: "Artıq fevral ayından sonra futbol haqqında düşünəcəyəm. Hazırda yox! Mən sadəcə sakitləşmək barədə düşünürəm. İndi qış hazırlığı ilə məşğul olan komandaların öz məşqçiləri var. Görək, nə olacaq".

Mutu 2023-cü ilin yayından "Neftçi"nin baş məşqçisi idi. O, ötən ilin dekabrında istefaya göndərilib.