"Qarabağ" üçün "uşaq oyunu"
- 15:07
- 39
Bu gün ölkə futbolunun ənkəsi "Qarabağ" növbəti avrokubok matçına çıxır. Rəqib çox güclü, əzəmətli "Lion"du.
Bu komanda həmişə yaxşı oyunçulara malik olub, yaxşı, baxımlı futbol oynayıb, adından asılı olmayaraq bütün rəqiblərinə çətinlik yaradıb. Bəli, hazırda klub yaxşı günlərini yaşamır, böyük borcu həll eləməsələr, Liqa 1-də neçənci yer tutmalarından asılı olmayaraq aşağı dəstəyə düşə bilərlər. Amma bu elə həllolunmaz durum deyil. Dünən bu barədə suala Qurban Qurbanov da doğru cavab verdi ki, "uzağı 2-3 oyunçularını satıb həll edəcəklər, çünki keyfiyyətli futbolçulardan qurulan kollektivdi". Yəni o problem bu gün meydanda özünü göstərməyəcək. Yüngülvari narahatlıq olar, uzaqbaşı.
Əsas narahatlığı isə "Qarabağ" yaratmalıdı. "Lion" topla yaxşı oynayır, "ikinci mərtəbə"də də pis deyillər. Oyun zamanı qapını görən kimi zərbə endirir, hücumdan boş qayıtmırlar. Bu səbəbdən bu matçda yarımmüdafənin dayaq və mərkəz hissəsinə əlavə yük düşəcək. Marko və Partikə (yaxud Romaoya) Yassin də kömək etməli, məcburən "boks-tu-boks" çalışmalıdı. Düzdü, bu onun yaradıcılıq tərəfini zəiflədə bilər, amma başqa yol yoxdu.
Çətinliyə baxmayaraq "Qarabağ"ın uğurlu nəticə şansı var. Proqnoz verməyəcəm, sadəcə inanmağa əsas olduğu qeyd edəcəm.
Çətinlik demişkən, "Qarabağ"ın rəsmi səhifəsi yenə bir rebus paylaşıb. Maraqlıdı və bir qədər diqqətli olanda çözmək olur. Fotoda oyun aparatıdı, daha dəqiq desək, məşhur Tetris oyununun aparatı. Bu seçim təsadüfi deyil, çünki oyunu hamımız uşaq vaxtı oynamışıq. "Lion"un da ləqəbi "Uşaqlar"dı ("The kids"). Yəni "Qarabağ" bu posterlə "uşaqlar"a meydan oxuyub, "uşaqsız" mesajını da verib. Mərkəzdəki oyunçu isə Marko Veşoviçdi. Təsadüfi seçim deyil. Onun forma nömrəsi 29-du, "29-cu level" isə "Tetris"dən ən çətin, keçilməz, hətta "ölüm ekranı" deyilən bir mərhələdi. Yəni "Qarabağ" ən çətin mərhələyə hazırdı (ya da rəqibə ən çətin mərhələni təklif edirlər). Böyük ehtimalla, qarşılaşma uğurlu nəticə ilə başa çatsa və meydana çıxsa, oyunsonrası paylaşımda 30 nömrəli forma ilə oynayan Abbas Hüseynovun şəkli paylaşılacaq.
Uğurlar, "Qarabağ"!