“Qarabağ” və milli komanda bizi sevindirdi” - Fərid Qayıbov
- 05 Okt 2022 15:15
- 482
“Sentyabr futbol azarkeşlərimiz üçün də sevindirici oldu”.
Rekord.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov son bir aydakı nailiyyətlər barədə öz qeydində yazıb.
O, "Qarabağ"ın və milli komandanın qələbə qazandığını xatırladıb: "Əvvəlcə "Qarabağ" Avropa Liqasının qrup oyununda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldi. Ardınca yığma komandamızın UEFA Millətlər Liqasında əvvəlcə Slovakiyada əzmkar qələbəsi, sonra isə Bakıda Qazaxıstanı məğlub etməsi bizi sevindirdi".
Nazir şahmat üzrə Avropa çempionatında müvafiq olaraq gümüş və bürünc medal qazanan Günay Məmmədzadə ilə Ülviyyə Fətəliyevanın tarixi uğura imza atdıqlarını bildirib: "Çünki indiyə qədər qadın şahmatçıların fərdi Avropa çempionatında heç bir Azərbaycan təmsilçisi mükafatçılar sırasında olmayıb. İki təmsilçimizin mükafatçılar sırasında yer alması Azərbaycan şahmatında tarixi uğurdur".
Qayıbov həm də Azərbaycan gimnastika tarixində də yeni səhifə açıldığını diqqətə çatdırıb: "Qrup hərəkətləri komandamız dünya çempionatında ilk dəfə bürünc medal qazandı. Cüdo üzrə gənclərdən ibarət komandamız da Avropa çempionatında qarışıq komanda yarışında ilk dəfə medal əldə etdi".