Zaman-zaman premyer-liqada məşhur futbolçular oynayıb.

Məsələn, ötən mövsüm Keysuke Honda “Neftçi”də çıxış edərək Azərbaycan çempionu oldu. “Çelsi” və “Real”ın formasını geyinən Maykl Essyen də bir müddət “Səbail”də top qovdu. Bildiyiniz kimi, “Qarabağ” da Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Sadaladıqlarımızın hamısı Azərbaycan klublarına maraq yaradıb. Məhz bu səbəbdən bəzi məşhur futbolçular menecerlər tərəfindən klublarımıza təklif olunur. Onlardan biri də nigeriyalı Con Obi Mikeldi. Redaksiyamıza daxil olan məlumata görə, yarımmüdafiəçi “Neftçi” və “Qarabağ”a təklif olunub.

34 yaşlı futbolçu hazırda klubsuzdu. Nigeriya millisinin üzvü son dəfə “Kuveyt”də çıxış edib. Karyerası ərzində “Çelsi”, “Midlsbro”, “Trabzonspor”, “Stok Siti” kimi klublarda top qovub. Nigeriya millisində 89 matçda meydana çıxan yarımmüdafiəçi 6 dəfə fərqlənib. “Transfermarkt” platformasında dəyəri 600 min avro olan Obi Mikel klub karyerasında 498 rəsmi matçda meydanda olub. Bu qarşılaşmalarda 11 qol vurub, 19 ötürmə ilə yadda qalıb.