"Qarabag" və "Qəbələ" niyə İK-da təmsil olunmaq istəməyib?
- 30 Yan 2020 17:00
- 1147
AFFA-nın yanvarın 28-də baş tutacaq növbəti Konfransında İcraiyyə Komitəsinə seçki keçirildi. Bu seçkilərə premyer-liqada mübarizə aparan klublar namizəd irəli sürsələr də, dördü prosesdən kənarda qaldı. “Qarabağ”, “Qəbələ”, “Sabah” və “Zirə” kimi iddialılar İcraiyyə Komitəsinə namizəd vermədilər. Görəsən, səbəb(lər) nədi? Adıçəkilən klubların rəsmilərinə bu sualla müraciət etdik. Təəssüf ki, “Qəbələ” tərəfi məsələ ilə bağlı mövqeyini açıqlamadı.
“Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl tutarlı səbəb göstərməsə də, bunları söylədi: “Klub olaraq, bu dəfə İcraiyyə Komitəsinə namizədimizi verməməyi qərara aldıq. Qurban Qurbanovdan əvvəl də komitədə klubumuzun nümayəndəsi yox idi. Burda xüsusi bir səbəb yoxdu”.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov isə prosesdən kənarda qalmalarını klubun gənc olması ilə əlaqələndirdi: “Bildiyiniz kimi, “Sabah” gənc futbol klubudu. Komanda premyer-liqada cəmi ikinci mövsümünü keçirir. İcraiyyə Komitəsinə namizəd verilməsi ilə bağlı klub daxilində müzakirə aparıldı. Klubun ölkə futbolunda ilk addımlarını atması nəzərə alınaraq, qərara gəlindi ki, bu dəfə İcraiyyə Komitəsinə namizədimizi təqdim etməyək”.
“Zirə”nin meneceri Elman Himayətoğlu isə iki cümlə ilə kifayətləndi: “Bizdə bu məsələ, ümumiyyətlə, müzakirə olunmayıb. Buna görə də geniş açıqlama verə bilməyəcəyik”.