Camaat bismilla eləməmiş, yerinə, yurduna qayıtmamış AFFA rus deməli, "uje" pazın dirəyib: işğaldan azad olunan rayonlarda futbol komandaları yaradılacaq və "Region Liqası"nda oynamaları təmin olunacaq. Guya bunlar da işğaldan azad olunan ərazilərə görə sevinirlər, içlərində dəhşət Qarabağ sevgisi var və bu qələbəyə öz qatqılarını vermək istəyirlər. Biz də o dəqiqə bu sevgiyə inandıq axı. Bu, əslində Qarabağ sevgisi deyil. AFFA rəhbərliyinin bu layihəsinin arxasında nəyin dayandığını gözəl bilirik. Təbii ki, pul, havayı qazanc və şəxsi mənafe. Müqəddəs Qarabağ adının arxasında gizlənib bu çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Elxan Məmmədovun adı olan hansı layihənin faydasını görmüşük ki, bunun da faydasını görək? AFFA-nın saytı bəh-bəhlə məlumat paylaşıb ki, federasiya işğaldan azad olunmuş rayonlarda süni örtükılü meydançalar salacaq. Süni örtük varsa, bunun arxasında Elxan Məmmədov var. Elxan Məmmədov olan yerdə hansısa səmimiyyətdən, futbolun inkişafından danışmaq olar? Buna Elxan Məmmədov deməzlər, əgər o, yayda təbii otu dizdən olan Cıdır düzündə həmin otları kökündən kəsdirib süni örtüklü meydança salmasa. Adam şərikləri ilə süni örtük biznesini indi də işğaldan azad olunmuş torpaqlarda genişləndirmək istəyir. Gözəl bilir ki, bundan sonra o bölgələrə axın başlayacaq, dövlət bütün sahələrin yenidən qurulması, dirçəldilməsi üçün külli miqdarda vəsait ayıracaq, yeni-yeni yaşayış binaları, elm, təhsil, istehsal, mədəniyyət mərkəzləri tikiləcək və təbii ki, idman da bu quruculuqdan kənarda qalmayacaq, dövlət bunun üçün də böyük vəsait ayıracaq. Məhz həmin vəsaiti mənimsəmək, ondan maksimum yararlanmaq üçün AFFA rəhbərliyi tezbazar bir planla qabağa düşüb. Geydirmə komandalar yaradıb onları öz geydirmə liqalarında oynatmaqla külli miqdarda pul silmək. Mən burda təmiz niyyət görrmürəm. Bilirsiniz niyə?

 

AFFA rəhbərliyində Qarabağ sevgisi varsa, niyə biz indiyə qədər bunu görmürdük? Niyə bu günə qədər Qarabağ bölgəsi, onun futbolu AFFA rəhbərliyinin, Elxan Məmmədovun yadına düşmürdü? Axı tək son 10 il müddətində Şuşanın, Cəbrayılın, Laçının, Qubadlının, Füzulinin komandalarını yaradıb çempionatda oynamasını təmin etmək olardı. Həmin rayonların futbol adamları dəfələrlə buna cəhd edib AFFA-dan kömək gözləyiblər, aylarla Elxan Məmmədovun qapısında yatıblar. Sonu nə olub? Deyiblər ki, pulumuz yoxdur. İndi hardan çıxdı o pullar? Niyə bu planı işğal vaxtlarında ortaya çıxmırdı? Şəxsən mən özüm işğal altında olan rayonlarımızın futbol həyatı haqda geniş bir layihə işləmişdim. Həmin layihə çərçivəsində bütün rayonların futbol adamları ilə tək-tək görüşüb danışmışdım. Hamısı eyni sözü demişdi: AFFA-dan kömək etsələr, komanda yarada bilərik. Niyə o vaxt kömək olunmurdu? İki dəfə Şuşa komandası yaradıldı və hər iki halda maddi dəstək olmadığı üçün dağıldı. AFFA həmin Şuşa komandasına niyə kömək etmədi? Qubadlının "Həkəri" komandası var idi, mən özüm o komanda ilə 2003-cü ildə Azərbaycan çempionu olmuşam. 7-8 il bundan qabaq həmin komanda I Divizionda oynamağa qərar verdi və 7-8 turdan sonra maliyyə sıxıntısı ucbatından dağıldı. Klub rəhbərliyi, baş məşqçisi dəfələrlə kömək üçün AFFA-nın qapısını döydü. Niyə kömək olunmamışdı? İçinizdə Qarabağ sevgisi var idisə, müəyyən vəsaitlə o komandanı yaşada bilərdiniz axı. Özü də o dövr neftin qiymətinin fontan vurduğu, AFFA-nın Foqtslara, Lippertlərə və onların həmyerlilərinə milyonlar xərclədiyi dövrlər idi. Yaxud bir neçə il əvvələ qayıdaq. Cəbrayıllılar öz məhdud imkanları hesabına "Xudafərin"i yaradıb I Divizionda iştirakla bağlı müracət etmişdilər. Amma onların qabağında şərt qoyuldu ki, bəribaşdan 200 min manat zəmanət kağısı təqdim etməlisiniz. Xahiş olundu ki, qaçqın komandadır, yeni bərpa olunub, heç olmasa məbləğdə müəyyən güzəşt edilsin, pul hissə-hissə ödənilsin, amma AFFA qətiyyətlə bunu rədd etdi və bildirdi ki, 200 minlik zəmanət kağızı son qəpiyinə kimi təqdim olunmalıdır. Yekunda Cəbrayıl təmsilçisi çempionata qatıla bilmədi? Nİyə o vaxt o komandaya kömək olunmadı? AFFA-nın içində belə Qarabağ sevgisi var idisə, təşəbbüsü alqışlamalı, həmin şəxslərə lazım gəlsə maddi dəstək də verməli idi ki, təki Cəbrayıl komandası I Divizionda oynasın. Niyə etmədilər bunu? Elə həmin Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı İmişli-Biləsuvar istiqamətindəki qəsəbəyə şəxsən özüm getmişdim. Orada azyaşlı uşaqların hansı ağır şəraitdə, torpaq meydançada cırıq top və formalarla məşq etdiyini gözümlə görüb həm foto, həm də video görüntüyə almışdım. Yazıda qeyd etmişdim ki, bu uşaqlar üçün heç olmadsa bir meydança salmaq lazımdır. Guya AFFA-nın o qəsəbədə kiçik bir süni örtüklü meydança salmağa imkanı yox idi? İndi yekə-yekə Cəbrayılda süni örtüklü meydança tikəcəyini deyib özünü gözə soxan AFFA o vaxt niyə o qəsəbədə bir meydança salmadı? Bax ona görə də mən bu insanların səmimiyyətinə inanmıram. Haqqında bəhs edilən plan da Qarabağ sevgisindən yox, Qarabağın yenidən qurulması üçün dövlətin ayıracağı pullara olan sevgidən doğub.

 

Anar XANLAROV