“Qarabağ”a qalib gələ bilərik” - “Rakuv”un futbolçusu
- 11 İyl 2023 12:33
- 315
Polşanın "Rakuv" komandasının futbolçusu Fabian Pyasetski UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki mümkün rəqibləri olan "Qarabağ" haqqında danışıb.
Rekord.az xəbər verir ki, 28 yaşlı hücumçu "Przegladsportowy" nəşrinə müsahibəsində bir il əvvəl "köhlən atlar"ın "Lex"ə qalib gəldiyini xatırladıb:
"Azərbaycanlılar haqqında deyirlər ki, onlar Polşa təmsilçilərinə qarşı həmişə üstün olublar. Amma məncə, onlar qalib gələ biləcəyimiz komandadır. İndi biz həmin vaxtkı Poznan klubundan fərqli yerdəyik. Oxşarlıq o ola bilər ki, məşqçimiz dəyişib, lakin fəlsəfəmiz eyni qalır. David Svarqa hamımızı tanıyır. Bizdən nə gözlədiyini bilir. Bu isə əlavə üstünlüyümüzdür. Ancaq əvvəlcə 1-ci təsnifat mərhələsindəki rəqibimiz "Flora"ya (Estoniya) diqqət yetirməliyik".
"Qarabağ" bu gün Bakı vaxtı ilə saat 19:30-da Cəbəllüttariqdə “Linkoln”un qonağı olacaq. Cütün qalibi 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) - “Flora” (Estoniya) duelinin güclüsü ilə görüşəcək.