“Qarabağ”a qarşı bərbad oynadıq, bu da hesabda əks olundu”.

Rekord.az xəbər verir ki, bunu “Kəpəz”in seneqallı yarımmüdafiəçisi Latir Fal klubun rəsmi saytına açıqlamasında deyib.

29 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Qarabağ”a 1:6 hesablı məğlubiyyəti şərh edib:

“Ağdam təmsilçisinə qarşı mübarizəmiz aşağı səviyyə idi. Amma bu oyundan nəticə çıxarmışıq, səhvlərimizi təhlil etmişik. İrəliyə baxırıq”.

Həmin matçda komandasının yeganə qoluna imza atan futbolçu öz oyunu haqda da danışıb:

“Öz oyunumla bağlı yaxşı bir şey fikirləşmirəm. Qol vursam da, çıxışımdan narazıyam. Çünki həm özüm, həm də komandamız bundan daha yaxşısını bacarır”.

Latir Fal turnir cədvəlində 9-cu pillədəki mövqelərini qoruyub saxlayacaqlarını və Premyer Liqanı tərk etməyəcəklərini deyib:

“Demək olar ki, növbəti mövsüm üçün yerimizi müəyyən qədər təmin etmişik. Amma rahatlaşmaq olmaz. Düzdür, xal fərqi böyükdür. Bununla belə, qarşıda 8 matç var. Mübarizə davam edir”.