"Qarabağ"a qarşı hakimlikdə də ikili standart QEYD
- 15 Mar 2024 10:07
- 363
Elvin Cəfərquliyev məsələsi. Aydındı ki, adam böyük matçlar üçün hələ hazır deyil, dünən fiziki də normal durumda deyildi, sona qədər də oyuna girə bilmədi. Amma qardaş, o epizod qırmızı deyildi də. Hakim də verməmişdi. Meydandakı durumu doğru dəyərləndirib sarı göstərmişdi, doğru qərar da o idi. Nə oldusa, VAR-ın müdaxiləsindən sonra oldu. Teyloru davranışlarına fikir verin həmin məqamda. Əvvəlcə cərimə epizodunu göstərdilər, sakitcə baxdı, sonra nəsə dedi. Yüz faiz əminəm ki, "bunu gördük, bu sarıdı, meydançanı göstər" dedi və yalnız bundan sonra dediyini etdilər. Ondan sonra da qərarını tez vermədi. And içə bilərəm, amma sübut edə bilmərəm ki, o qırmızı VAR-ın təkidiylə verildi. Baxın: Elvin rəqibin maykasından tutmuşdu, amma saxlamadı, buraxdı. Çox da uzaq olmayan məsafədə Bəhlul vardı, çata bilərdi. Frimponq da düz qapıya getmirdi, Elvin ona cərimə edəndə hələ istiqamətini çərçivəyə doğru dəyişməmişdi.
VAR dünən hər şeyə, az qala hər epizoda "barmaq eləyib" bizi təzyiq altında saxladı (hətta ziyanımıza olmayan qərarları verəndə də boş yerə oyunu dayandırıb "baxmaqları" da bir variant idi) və istəyinə də nail oldu. Biz hər mövsüm iki klubla Avroliqanın və ya ÇL-in yarımfinalında olan ölkə deyilik ki, belə şeylərə adaptasiya olaq. Sərhəd epizodlarda xeyrimizə olmasa da, ziyanımıza da qərarın olmasını istəmirik. "Bayer"i "Bavariya" 11 nəfərlə uda bilməmişdi, biz 10 nəfərlə şoka salmışdıq. Başqa nə istəyirdilər bir Azərbaycan klubundan?
Bəli, rəqib hazırlıqlı idi, atletik baxımdan bizdən güclü idi, amma dəqiq olanı odu ki dünən hakimlik baxımından başımızdan basdılar. Son alət o idi, ondan da maksimum istifadə elədilər.
Kənan Məstəliyev, "Rekord.az"