“Yenidən yaşıl meydanlara döndüyümüz və qələbə qazandığımız üçün çox xoşbəxtəm”.

Rekord.az xəbər verir ki, bunu Təl-Əviv “Makkabi”sinin hücumçusu Yonatan Kohen Avropa Liqasının I turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

İsrail təmsilçisinin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada yeganə qolun müəllifi olan 24 yaşlı forvard çətinlikləri geridə qoyduqlarını söyləyib.

İsrail millisinin üzvü “Qarabağ” önünə ciddi problemlər fonunda çıxdıqlarını xüsusi vurğulayıb: “Koronavirus adi xəstəlik deyil. Evdə bəzi çətin günlər keçirdik, bir ay birlikdə məşq etmədik və yalnız iki gün əvvəl tam heyətlə hazırlığa başladıq.

Oyuna hazırlığımız ideal deyildi, amma qələbə qazandığımız üçün şadam. Çünki bu qalibiyyət İsrail futbolu üçün çox önəmlidir. Özümü gümrah hiss edirəm.

Qarşımızda çox çətin iki həftə var. Hər matça qalib gəlmək üçün çıxırıq. "Zalsburq"la Çempionlar Liqasının pley-off oyunlarını evdən izləmək əsəbverici idi.

Ancaq həmin matç geridə qaldı. İndi çempionatın bərpası qərarı, həmçinin Avropa arenasında olmağımız məni çox sevindirir”.