
“Qarabağ”a uduzmaq o demək deyil ki…” - Samir Abasov
- 19 Apr 2025 22:59
- 43
"Neftçi" Misli Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.
Rekord.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Niyə məğlub olduz, niyə qol vura bilmədiz?
- Qol vurmaq üçün imkanlarımız oldu. Qapının içindən də vura bilmədik. Rəqibin fürsətləri bizdən daha çox idi. Əsas məsələ niyə qol buraxmağımızdır. Hər oyunda davam edən proseslərdir. Heyətdə həddindən artıq rotasiyalara əl atmışdıq. Bu da məlum məsələdir. Kuboku düşünürdük. Zədələr böyük problemə çevrilib. Oyuna yaxşı başlamışdıq. Bu mövsüm başımızın bəlası fərdi səhvlərdir. Bu da ard-arda qollara gətirib çıxardı. Belə şeylər futbolda olur.
- "Neftçi" Azərbaycan derbisində 4 ildir "Qarabağ"a qalib gələ bilmir. Bu durumu necə şərh edərdiniz?
- Bəli, Azərbaycan derbisidir. Bizi, "Neftçi"ni istəyən insanları anlamaq olar. Fərqi yoxdur 3-4 gündən sonra kubok matçı oynayırsan, heyətində zədəlilər var. Bu, derbidir və qalib gəlməlisən. Onları başa düşürəm. Cavab olaraq söz tapa bilmirəm.
- Murad Məmmədova son oyunlarda az şans verməyinizin səbəbi nədir?
- Oynadığı pis oyunlardan sonra özünə gələ bilmir. Biz onu pis oynadığına görə silməmişik. Son vaxtlar Muradı məşqlərdə tanıya bilmirik. Onu ümumiyyətlə silmək fikrimiz yoxdur. Düzünü desəm, Aleksin yerinə Muradı oyuna buraxmaq istəyirdim. Rəhman zədələndiyi üçün Elcan Əbilovu oyuna saldıq. Murad güvəndiyim futbolçudur.
- Bu mövsüm üçün"Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz" " Qarabağ"ı məğlub edib. Avrokuboklara getmək istəyən "Neftçi" 4 oyunun hamısında bu rəqibə uduzub. Sizcə, bu "Neftçi" avrokuboklara getməyə layiqdir?
- Avrokuboklara getmək üçün şərt ancaq"Qarabağ"ı udmaqdırsa, məntiqi anlamıram. 4 oyunu da mənim üzərimə yıxmayın. Son oyunda "Qarabağ"a qarşı yaxşı oynamışdıq. "Qarabağ"a uduzmaq o demək deyil ki, biz avrokuboklara getməyə layiq deyilik.
- Rafael Quzzonun zədəsi ciddidir?
- Xeyr, ciddi zədəyə oxşamır. Dizində toqquşma oldu. Özü əvəzlənmək istədi.
- Dembo Darbonu bu gün start heyətində oynatmağınızın səbəbi nə idi?
- O, 2 aydan çoxdur ki, zədə səbəbindən oynamırdı. "Sabah"la kubok matçından öncə ritmdə qalması üçün bu gün Darbonu start heyətində meydana buraxdıq. (Sportal)