“Qarabağ”dan 10 milyon manatlıq qazanc
- 13 Dek 2019 12:43
- 967
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Lüksemburq “Düdelanj”ı ilə Bakıdakı 1:1 hesablı heç-heçəyə görə UEFA-dan 190 min avro mükafat alacaq.
Rekord.az xəbər verir ki, Avropa futbol qurumu yarışın qrup mərhələsində hər bərabərlik üçün bu qədər ödəniş edir. “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün 2,92 milyon avro mükafat da əldə edib. Həmçinin Lüksemburqda “Düdelanj” üzərində 4:1 hesablı qələbəyə görə 570 min avro, Kipr APOEL-i ilə Bakıda 2:2-lik bərabərlik üçün isə 190 min avro irəli düşüb.
Üstəlik, Ağdam təmsilçisi cari mövsümdə Çempionlar Liqasında (ÇL) ilk 3 təsnifat mərhələsində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro, yəni ümumilikdə 1 milyon 140 min avro qazanıb (Report).
Beləliklə, Ağdam təmsilçisinin 2019/2020 mövsümü üçün qazancı 5 milyon 10 min avroya (10 milyon manatdan çox) çatıb. Lakin bu, yekun məbləğ deyil. UEFA heç-heçələrdən qalan əlavə məbləği (hər bir bərabərlikdən sonra 190 min avro qalır) qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun böləcək.
Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Pley-offa çıxanlar əlavə 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar hərəyə 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.