"Qarabağ"ın sabiq müdafiəçisi Yakub Jezniçak bu ilin iyun ayında Polşa mətbuatına Ağdam klubu və Azərbaycan futbolu ilə bağlı qalmaqallı müsahibə vermişdi. Polşalı futbolçu ölkəmizdə klubların şəraitinin həvəskar səviyyədə olduğunu, bura gəldiyi ilk mövsümdə şəkillərin telefonla çəkilib, sosial şəbəkələrə yerləşdirildiyini demişdi.

 

Dünən isə "Qarabağ" hazırda Bakıda olan Jezniçaka incə zarafatla cavab verib. 

 

Rekord.az xəbər verir ki, komandanın Premyer Liqanın VII turunun "Sabah"la oyununu (2:0) izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna gələn futbolçunun keçmiş komanda yoldaşları ilə çəkilmiş fotoları klubun rəsmi "Facebook" səhifəsində paylaşılıb və üzərində bu sözlər yazılıb: "Evinə xoş gəlmisən, Kuba! Yeri gəlmişkən, yeni kameramız necədir?".

Qeyd edək ki, Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib. O, hazırda ölkəsinin "Visla" (Plotsk) klubunda oynayır.