“Qarabağ”dan mövsümün rekordu
- 02 Mar 2020 15:20
- 775
Ağdamın “Qarabağ” klubu mövsümün yeni rekorduna imza atıb.
Rekord.az PFL-ə istinadən xəbər verir ki, “köhlən atlar” ardıcıl 5-ci “quru oyun”unu keçirib. Sonuncu dəfə 14-cü turun “Keşlə” ilə matçında (2:2) qapısında qol görən Qurban Qurbanovun yetirmələri 2020-ci ildə “çərçivə”sini toxunulmaz saxlayıb.
“Səbail” (1:0), “Neftçi” (0:0), “Zirə” (6:0) və “Sumqayıt”ın (1:0) ardından 19-cu turdakı rəqib “Sabah” da (0:0) bu seriyanı qıra bilməyib. Bununla da, “Qarabağ” mövsümün rekordunu arxada qoyub. Həmin rekord da Ağdam klubuna məxsus idi. Çempionatın lideri ilk 4 turda qapısından qol buraxmamışdı.
Qapıçı Şahruddin Məhəmmədəliyevin “quru seriya”sı isə 493 dəqiqəyə çatıb. O, sonuncu dəfə dekabrın 6-da “Keşlə”yə qarşı keçirilən oyunun 47-ci dəqiqəsində Tural Bayramlının zərbəsi qarşısında aciz qalıb.