Avropa Liqasının pley-off mərhələsinin püşkatmasında “Qarabağ”ın növbəti rəqibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə Ağdam klubunun prezidenti Tahir Gözəl də iştirak edib. O, Portuqaliyanın “Braqa” klubuna rəqib olmalarına münasibət bildirib:

“Azərbaycanı ilk dəfə Avropa Liqasının pley-off mərhələsində, bu raundun püşkatmasında təmsil etmək bizim üçün qürurdur. Biz bu gün tarixi bir hadisəni yaşadıq. Buna canlı şahidlik etmək  üçün tədbirə şəxsən özüm qatıldım. Püşkdən öncə mümkün rəqiblərimizin  gücünə bələd idik. Bu 8 klub Çempionlar Liqasında öz iddiaları ilə seçilən komandalardır. Onlar qitənin ən nüfuzlu klub turnirindən gəliblər. “Braqa” da belə komandalardan biridir. Güclü Portuqaliya çempionatında çıxış edirlər və avrokuboklarda müntəzəm oyunları ilə seçilirlər. Güclü komandaların yer aldığı bu mərhələdə asan rəqib olmur.  “Qarabağ”ı və ölkəmizi bu səviyyəyə gətirdiyimizə sevinirəm. Lakin bununla kifayətlənmək istəmirik və missiyamız hələ davam edir. “Qarabağ” təkcə 30-35 nəfərdən ibarət deyil. Milyonlarla insanın ürəyi bizimlədir. Püşkatmanın keçirildiyi zalda 10 milyon azərbaycanlı olduğunu hiss etdim. “Qarabağ”a, vətənimə uğurlar arzulayıram. Hamı əmin olsun ki, klubumuzu və Azərbaycanı ən yaxşi səviyyədə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.