Azərbaycan futbolunun Avropada “səfiri” adlandıra biləcəyimiz “Qarabağ” son illərdə çox futbolçunu məşhurlaşdırıb və yüksək formaya salıb.

 

Bu klubun yetirməsi olmayan futbolçular belə, Qurban Qurbanovun rəhbərliyi altında öz praym həddinə çatıb və xaricdən təklifləri də yetərincə olub. Hazırda 32 yaşında olan Zubir belə, yetərincə yaxşı formadadır. Və inanıram ki, “Qarabağ”dan getmək istəsə, xarici ölkələrdə normal maaş təklif edən klublar olacaq. Hətta karyerasının sönmə çağını yaşayan Almeyda və Medvedev belə, şans aldıqları oyunlarda yetərincə məsuliyyətli və qənaətbəxş çıxış edirlər. Bədavinin “Braqa” ilə oyunda göstərdiyi uzaqgörənliyi və performansı barədə isə uzun-uzun danışmağa ehtiyac yoxdur. Uzun sözün qısası, bu klubun belə böyük problemi yoxdur... Bircə qapıçı mövqeyindən başqa. İllərdir ki, “Qarabağ” sabit oyun sərgiləyən və xüsusən də, yerli cameədən yetişdirib qoruya biləcəyi... Hətta sata biləcəyi qapıçısını tapa bilmir.

 

Menecerinin yerə-göyə sığdırmadığı Lunyov belə, hərdən elə uşaq səhvləri edir ki, adamın ağzı açıq qalır. Luka hələ də “2-ci qapıçı” statusundan çıxa bilmir... Sanki onun üçün ən yaxşı liqa “Misli” liqası, beynəlxalq görüşlərdə isə ən yaxşı yer ehtiyat skamyasıdır. Amin Ramazanovun isə böyük bir özgüvən problemi var... Açıq-aydın görünür. Düzdür, “Qalatasaray” ilə oyunda insafən, yaxşı seyv və sıçrayışlarıyla yadda qalmışdı. Amma sanki ondan sonra Amində dərin bir durğunluq yaranıb. Sosial şəbəkədə “Qarabağ” fanatlarının qrupunda yazmışdım ki, “Amindən soruşsan, özünü 5 il sonra harda görərsən, deyər ki, Lukanın yerində”. Bəli, ola bilər ki, bu post yetərincə kobud alınmışdı. Amma acı reallıq odur ki, hazırda kənardan baxdığımızda elə görünür. “Turan Tovuz” ilə son oyunda... Sanki Amini məcburən meydana buraxmışdılar. Heç bir həvəs və özgüvən hiss olunmurdu.

 

Mənim şəxsi fikrimcə, Amin Ramazanov icarə əsasındamı, ya da hansısa şəkildə bircə mövsüm aşağı divizionda oynasa və təcrübə qazansa... Daha yaxşı olar. Aminin özü üçün! Bir az özgüvən problemini də aradan qaldırar. Onun inkişaf etməsini istəmirəmmi? Yerinə xalamoğlunu salmayacam ki...

 

Aminin həmyaşıdı Rza bu il çox şans qazandı. Rza səhvlər etmirmi? Edir... Məndən olsa, onu önəmli matçlarda qapıya qoymazdım. Amma Rzada olan çılğınlığın, ambisiyanın yarısını Amində görsəydik... Bu yazıya da ehtiyac olmazdı. Ümumiyyətlə, “Qarabağ” hələ də öz qapçısını tapmaqda gecikir. Neçə il bundan əvvəl aldığı Zubir hələ də bu kluba fayda verməyə davam edir. Amma qapıçı məsələsində bunu deyə bilmirik. Bilmirəm, “Qarabağ”ın mətbəxində nələr baş verir... Amma bu qapıçı amili yetərincə gözə çarpır və çox da ciddi məsələdir. Ümumiyyətlə, Azərbaycanın əksər futbol klublarında bu problem var. Uşaq vaxtı məhlədə ən pis futbol oynayan adam qapıda dururdu.

 

Sanki peşəkar futbolumuzda da belədir, yaxşı qapıçı yetişdirməkdə çətinlik çəkirik.

 

Görüşənə qədər..

 

Rüfət Əhmədzadə