
"Qarabağ"ın futbolçusu Mahmud Qurbanovun rekordunu təkrarlayıb
- 12:30
- 42
“Qarabağ”ın kapitanı Bədavi Hüseynov 11-ci dəfə Azərbaycan çempionu olub.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi komandası ilə birlikdə Misli Premyer Liqasının 2024/2025 mövsümünün qızıl medalını təmin etməklə Mahmud Qurbanovun rekordunu təkrarlayıb.
2012-ci ilin yayından Ağdam klubunda çıxış edən Hüseynov bütün titullarını indiki komandası ilə qazanıb. Müdafiəçi bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023 və 2023/2024 mövsümlərində də Azərbaycan çempionu adına sahib çıxıb.
Bədavi Hüseynov bununla da Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. O, Mahmud Qurbanova məxsus göstəriciyə çatıb. Sabiq yarımmüdafiəçi 6 fərqli klubda 11 qızıl medala sahib çıxıb. O, “Kəpəz” (1994/95, 1997/98, 1998/99), “Neftçi” (1996/97, 2003/04, 2004/05), “Şəmkir” (1999/2000, 2000/01), “Xəzər Lənkəran” (2006/07), “İnter” (2007/08) və “Bakı”da (2008/09) bu sevinci yaşayıb.