Azərbaycan milli komandasının ölkə xaricindəki təlim-məşq toplanışı zamanı koronavirusa yoluxmuş futbolçularından biri sağalıb.

Rekord.az xəbər verir ki, "Sabah" klubunda çıxış edən Təmkin Xəlilzadənin testi mənfi olub.

Cinah oyunçusunun 1-2 gün ərzində Bakıya qayıdacağı gözlənilir.

Xəlilzadə ilə birlikdə Xorvatiyada olan "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun növbəti testi də müsbət çıxıb. Hər iki oyunçunun UEFA Millətlər Liqasının 5-ci turunun Monteneqro ilə matçından sonra koronavirusa yoluxduğu bəlli olmuşdu.

6-cı turda Lüksemburqla qarşılaşmadan əvvəl yoluxmuş Maksim Medvedev isə sabah test verəcək. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır.

Qeyd edək ki, Azərbaycan millisi Lüksemburq və Monteneqro ilə qolsuz heç-heçə edib.