“Qarabağ”ın müdafiəçisi: “Komandamızın daxilində əla əhval-ruhiyyə var”
- 11 İyl 2024 20:30
- 135
“Komandamızın daxilində əla əhval-ruhiyyə var”.
Rekord.az xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə klubun mətbuat xidmətinə açıqlamasında hazırda Avstriyada davam edən təlim-məşq toplanışı ilə bağlı deyib.
Futbolçu hazırlıq prosesini dəyərləndirib:
“Avstriyada təşkil olunan təlim-məşq toplanışı plan üzrə keçir. Çox yaxşı şəkildə davam edən hazırlıq prosesinin ilk mərhələsini başa vurmuşuq. Hər kəs səylə hazırlıq keçir, məşqlərdə maksimumunu ortaya qoymağa çalışır”.
Müdafiəçi Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” (2:1) klubu ilə yoxlama oyunları haqqında fikirlərini də bildirib:
“Keçirdiyimiz iki yoxlama oyunu bizim üçün yaxşı sınaq oldu. Toplanış çərçivəsindəki ilk matçlar idi. Hər oyunçumuz 90 dəqiqə meydanda olmaq şansı qazandı. Bu, öz fiziki hazırlığımızı görmək baxımından faydalı oldu”.
O, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin “Hamrun" – “Linkoln” oyununa da toxunub:
“Əlbəttə, Çempionlar Liqasındakı mümkün rəqiblərimiz arasında ilk oyunda baş verənlərdən xəbərimiz var. “Linkoln” bizə tanış rəqibdir. Cavab oyunu keçirildikdən və rəqibimiz dəqiqləşdikdən sonra həmin komanda ilə bağlı təhlillərə başlayacağıq. Məqsədimiz bu mərhələni keçməkdir. Ölkəmizi və klubumuzu ən yaxşı şəkildə təmsil etmək, azarkeşlərimizi həmişəki kimi sevindirmək üçün əlimizdən gələni ortaya qoyacağıq”.