Futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan İsrailin "Makkabi" (Təl-Əviv) komandasının kollektivi növbəti dəfə koronavirus testindən keçib.

Rekord.az xəbər verir ki, bütün analizlərin nəticəsi mənfi çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə heç bir oyunçuda infeksiya aşkarlanmadığı diqqətə çatdırılıb.

Son bir neçə həftədə Təl-Əviv təmsilçisinin 12 futbolçusu virusa yoluxmuşdu. Lakin son testlər onların da tam sağaldığını üzə çıxarıb. Bu üzdən də bütün futbolçular artıq komanda ilə birlikdə məşq edir.

Qeyd edək ki, “Qarabağ” İ qrupu çərçivəsindəki ilk matçını məhz “Makkabi”yə qarşı keçirəcək. Oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.