Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandasının yeni transferi Marseloda xroniki zədə aşkarlanıb.

Rekord.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, braziliyalı müdafiəçinin bud əzələsində ciddi problem var.

34 yaşlı oyunçunun bu səbəbdən sıraya daha gec qayıdacağı bildirilir. Hətta “sambaçı”nın zədəli olduğu üçün depressiyaya düşdüyü iddia edilir. İddiaya görə, Pirey təmsilçisi ulduz futbolçunun ağır zədədən əziyyət çəkdiyini bilsə də, bunu ictimaiyyətdən gizlədib.

Marselo Yunanıstan klubuna cari mövsümün əvvəlində azad agent kimi keçib. Bir müddət əvvəl braziliyalı oyunçunun Pirey təmsilçisindəki debüt matçına məhz “Qarabağ”la görüşdə çıxacağı iddia olunmuşdu.

Yeri gəlmişkən, “Olimpiakos"un digər yeni transferi Xames Rodriqes də sıradan çıxıb. Kolumbiyalı hücumameylli yarımmüdafiəçinin milli komandanın düşərgəsindən zədəli qayıtdığı bildirilir. Meksika yığmasına 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında baldır nahiyyəsindən xəsarət alan vinger bu həftə məşq edə bilməyəcək. O, oktyabrın 2-də "Atromitos"a qarşı keçirəcəkləri Yunanıstan Super Liqasının 6-cı tur matçını buraxmalı olacaq. Həkimlərin rəyinə əsasən, hər şey oyunçunun bərpa presindən asılı olacaq.

Xatırladaq ki, Xames Rodriqesin adı Avropa Liqası üçün açıqlanmış heyətə daxil edilməyib. Bu üzdən də onun “Qarabağ”la oyunlarda iştirakı mümkün deyil.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu komandalar arasındakı növbəti görüş isə ilk oyundan bir həftə sonra Bakıda baş tutacaq.